Həkim koronavirusdan DANIŞDI: “Ehtiyatı əldən vermək olmaz”

Şəmsiyyə Namazova:“Bütün hallarda dövlət də lazımi tədbirləri görür. İnsanlar da diqqətli olmalıdır”


 Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancın İTV-yə müsahibə verib. O, infeksiyaya yoluxmuş şəxslərin xəstə hesab olunmadığını deyib:“İndiyə kimi infeksiyanın aşkarlandığı insanlar xəstə deyillər, onlarda hərarət, öskürək kimi hər hansı bir simptom yoxdur. Bu gün Azərbaycanda insanlar karantinə yerləşdirilir, xəstə yoxdur”. 


ÜST nümayəndəsinin açıqlamasına münasibət bildirən tibb elmləri doktoru Şəmsiyyə Namazova “Sherg.az”a deyib ki, əhalinin ehtiyatı əldən verməməsində fayda var:

“Bütün infeksion xəstəliklər, o cümlədən də koronavirus hava-damcı yolu ilə yoluxur. Koronavirus kifayət qədər ciddi xəstəlikdir. Əgər belə olmasa, dünya ölkələri təşviş içində olmaz, sərhədlər bağlanmazdı. Düzdür, alimlər, həkimlər məsələdən çıxış yolu üçün müzakirə aparırlar. Ancaq hələ ki, koronavirus əleyhinə bir vaksin tapılmayıb. Bu da o deməkdir ki, təhlükə tam sovuşmayıb.  Bütün hallarda təşvişə düşmədən insanlar öz sağlamlıqlarının qeydinə qalmalıdır. Bütün hallarda dövlət də lazımi tədbirləri görür. İnsanlar da diqqətli olmalıdır”.