Koronavirusla bağlı əhaliyə çağırış: “Tövsiyələrə əməl edin!”


“Cəmiyyət olaraq qorxub, çəkinməklə immuniteti zəiflədirik. Beləliklə bu xəstəliklər baş qaldırır və fəsadlar törədir” 

Aydın  Xan Əbilov: “Genetik olaraq azərbaycanlılar xəstəliyə qarşı dayanıqlıdırlar. Bu, süfrə mədəniyyətimiz, yeməklərimiz, gigyenik qaydalara verdiyimiz önəmə əsaslanır”



Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-yə müsahibə verib. O bildirib ki, koronavirusla bağlı təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var:“Koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Koronavirus yeni virusdur, bütün dünyada onunla davranma yolu müəyyən edilməyib. Narahatlıq yaradan isə daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı”.


Kulturoloq Aydın Xan Əbilov “Sherg.az”a açıqlamasında bildirib ki, hər zaman bu tipli xəstəliklər olub.  Onun sözlərinə görə, bu viruslar sadəcə, müxtəlif formada adlandırılıb:

“İnsanlarımız, nəinki koronavirusla bağlı, ümumiyyətlə hər zaman çalışırlar ki, sağlamlıqlarına diqqət yetirsinlər. Təəssüf ki, bizdə hansısa epidemiya və yaxud ciddi xəstəliyə yoluxandan sonra xəstəxanaya müraciət edirlər. Ona görə də bəhanə olaraq deyirlər ki, xəstəxanalar bahadı və yaxud rüşvət var. Məlumdur ki, artıq icbari tibbi sığorta işə düşür. Bu sığortaya görə insanlar dövlət hesabına pulsuz müayinədən keçə biləcəklər. Son vaxtlar əhalinin böyük hissəsi Bakıda yaşayır. Müxtəlif ölkələrdən paytaxta gələnlər var. Onlar həm ziyarət, həm  ictimai-siyasi hadisələrdə iştirak etmək üçün təşrif buyururlar. Əvvəllər 10 ildən bir xarici ölkələrə gedirdik. Həmçinin, Azərbaycana gələnlərin sayı da olduqca az idi. Amma indi qloballaşma prosesləri, təyyarə sisteminin inkişaf etməsi miqrasiya prosesini sürətləndirir”.

Kulturoloq qeyd edib ki, dövlət səviyyəsində Səhiyyə Nazirliyi və TƏBİB sistemində xaricdən gələnlər ölkəmizə buraxılmazdan qabaq müayinədən keçirilməlidirlər:

“Genetik olaraq azərbaycanlılar hansısa xəstəliyə qarşı dayanıqlıdırlar. Bu, bizim mədəniyyətimizlə bağlıdır. Bu, dayanıqlı olmağımız süfrə mədəniyyətimiz, yeməklərimiz və gigyenik qaydalara verdiyimiz önəmə əsaslanır. Eyni zamanda xəstəxanalarda dezinfeksiya işləri yerinə yetirilməlidir. Çünki xəstəxanaya gələnlərlərdə viruslar ola bilər”.

A.X.Əbilov bildirib ki, virusdan qorunmaq üçün təmiz hava qəbul etmək də vacibdir:

“İnsanlar özlərini soyuqdan da qorumalıdır. Artıq cırılmış şalvarlar, mini yupkalar kənara qoyulmalıdır. İnsanlar bir-biri ilə görüşəndə əl verib öpüşürlər. Buna yol vermək olmaz. Yaşlı adamların virusa yoluxma ehtimalı daha çoxdur. Xəstəlikdən qorxmaq lazım deyil. Cəmiyyət olaraq qorxub, çəkinməklə immuniteti zəiflədirik. Beləliklə bu xəstəliklər baş qaldırır və fəsadlar törədir. Ona görə də Səhiyyə Nazirliyinin, Beynəlxalq Səhiyyə Təşkilatlarının, ekspertlərin verdiyi tövsiyələrə əməl etmək lazımdır”.