“Ermənistan aprel məğlubiyyətinin şokundan ayıla bilmir” – TƏŞVİŞ ARTIR

 
Natiq Miri:“Bu döyüşlərin nəticəsində erməni ordusu mifi puç oldu”

“Düşmən silahlı qüvvələrinin, hərbi texnikasının xeyli hissəsi məhv edildi. Ordu psixoloji cəhətdən sarsılıb, pərən-pərən düşdü. Siyasi dairələrdə, ictimaiyyət arasında narahatlıq yarandı və narahatlıq bu gün də davam edir”

Ermənistanın sabiq prezidenti Serj Sarksyan Qarabağda 2016-cı ilin aprel döyüşləri ilə bağlı yaradılmış komissiyaya çağırılacaq. Bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazır. Nəşr Sarksyanın “dindiriləcəyi” tarixi də açıqlayıb. Bildirilib ki, onun iştirakı ilə parlament komissiyasının iclasının aprelin əvvəlinə qədər keçirilməsi ehtimal olunur. İclas qapalı olacaq.

Keçmiş prezidentin komissiyaya çağırılması təklifi bu qurumun rəhbəri, müdafiə və milli təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan tərəfindən dəfələrlə irəli sürülüb. Bundan əvvəl komissiyaya keçmiş Müdafiə naziri Seyran Ohanyan və Baş Qərargah rəisi Artak Davtyan çağrılıb. Komissiya 2019-cu ilin may ayında Baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə yaradılıb.  

Bir sözlə, dörd günlük aprel savaşı düşməni əməlli-başlı təşvişə salıb. 



Vəziyyəti dəyərləndirən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, aprel döyüşləri bizim gücümüzü ortaya qoydu. Dörd günlük müharibə zamanı daha böyük uğurlar qazanmaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün əlverişli şərait yaranmışdı:

“Bunun bir neçə səbəbi var.  Əvvəla, düşmən silahlı qüvvələrinin, hərbi texnikasının xeyli hissəsi məhv edilmişdi. İkinci bir tərəfdən ordu psixoloji cəhətdən sarsılmış, pərən-pərən düşmüşdü. Həm də təkcə Ermənistan silahlı qüvvələrində yox,  siyasi dairələrdə və ictimaiyyət arasında da narahatlıq var idi. Aprel döyüşləri nəticəsində erməni ordusu mifi puç olsa da, coğrafi xəritədə heç bir dəyişiklik olmadı. Biz 27 ildir işğal altında olan torpaqlarımızı yenə də azad edə bilmədik”. 

Ekspertin sözlərinə görə, aprel döyüşündəki məğlubiyyətə görə, Paşinyan hökuməti ilə “Qarabağ klanı” arasında münasibətlər kəskinləşdi:
 
“Hazırkı şərait onu göstərir ki, “Qarabağ klanı” uçuruma gedir. Buna baxmayaraq, Sarkisyan və onun tərəfdarları bu məğlubiyyətlə barışmaq istəmirlər. Onlar nəyin bahasına olursa olsun revanş almaq niyyətindədirlər. Nəinki “Qarabağ klanı” hətta onu dəstəkləyən informasiya vasitələri də məhv edilir. Ancaq iki tərəfin ziddiyyətli münasibətlərinin nəticəsi barədə konkret bir söz demək çətindir. Yalnız qondarma Qarabağ rejiminin keçirdiyi seçkilərin nəticələri məlum olduqdan sonra bu məsələ haqqında dəqiq proqnoz vermək olar”.