Araz Əlizadə açıqladı: “...Namizədliyimi irəli sürəcəm”  

“Uzun illərdir, siyasi fəaliyyətlə məşğulam. Bu, belə də davam edəcək” 

Bu gün Konstitusiya məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədi. Bir neçə dairənin, o cümlədən Xətai rayonu 35 saylı seçki dairəsinin nəticələri isə ləğv edilib. Həmin dairələr üzrə seçkilər yenidən keçiriləcək. 35 saylı seçki dairəsindən əsas namizədlər "Ümid" partiyasının sədri, keçmiş millət vəkili İqbal Ağazadə ilə "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu idi. Artıq sözügedən dairədən seçilən sabiq millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin yenidən seçkilərə qatılıb-qatılmayacağı müzakirə predimetidir. Məhz ona görə biz də A.Əlizadə ilə əlaqə saxlayıb, mövqeyini öyrəndik. 

-Seçkilərdə iştirak etməyi düşünürsünüzmü?

-Dəqiq deyə bilmərəm. Səhhətimdən asılıdır. Səhhətim əl versə, namizədliyimi irəli sürəcəm.  

-Siyasi fəaliyyətinizi davam etdirəcəksinizmi?

- 1989-cu ildən ASDP-nın sədriyəm. Uzun illərdir, siyasi fəaliyyətlə məşğulam. Bu, belə də davam edəcək. 

-Siz həm də alimsiniz. Bəs elmi fəaliyyətinizlə bağlı nə düşünürsünüz?

-Düzdür, mən Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişəm. Çoxsaylı beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmişəm. Amma çoxdandır, elmlə məşğul olmuram.