Gürcüstan müdafiə nazirinin qovluğunda nə var?- ŞƏRH 

 İlqar Vəlizadə:“Müdafiə nazirləri arasında müxtəlif sahələrdə razılaşmalar var. Hazırda həmin razılaşmalar reallaşdırılır”

“Növbəti aylarda birgə təlimlərin keçirilməsinə dair müzakirələr gedəcək”

 

Bu gün Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvilinin Azərbaycana rəsmi səfəri başlayır.  Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin ölkəmizdə bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub. 

Səfərin əhəmiyyətindən danışan politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, bu yaxınlarda Ermənistanın baş naziri Gürcüstana səfər edib. Politoloq qeyd edib ki, Ermənistanın baş naziri Gürcüstan tərəfinə strateji tərəfdaşlıq razılaşmasını imzalamağı təklif edib. 
Analitik sözlərinə görə, Gürcüstan tərəfi təklifə konkret cavab verməyib:




“Ermənistan bu təklifi əvvəllər də irəli sürüb. Keçən il də Gürcüstanın baş naziri Ermənistanda səfərdə olanda Ermənistanın baş naziri belə təkliflə çıxış etmişdi. Bu təklifdən iki gün sonra Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir. Əslində səfər Ermənistanın təklifinə verilən cavabdır. Çünki Gürcüstanla Azərbaycan arasında kifayət qədər çoxlu birgə layihələr həyata keçirilir. Müxtəlif sahələrdə əməkdaşlıq var. Bu əməkdaşlıq xüsusilə hərbi sahədə inkişaf edir, birgə təlimlər keçirilir. Hətta Türkiyə də hərbi əməkdaşlığa qoşulub. Burada üçtərəfli hərbi əməkdaşlıqdan söhbət gedir. Müdafiə nazirləri arasında müxtəlif sahələrdə razılaşmalar var. Hazırda həmin razılaşmalar reallaşdırılır”. 

Politoloqun qənaətincə, səfər çərçivəsində ikitərəfli hərbi münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq:

“Növbəti aylarda birgə təlimlərin keçirilməsinə dair müzakirələr gedəcək. Eyni zamanda birgə dəmir yolu, qaz və neft kəmərləri infrasturukturu, onların qorunmasına dair müzakirə aparılacaq. Ermənistan bir neçə dəfə Azərbaycanı hədələyib ki, müharibə başlasa, sizin həm neft-qaz kəmərlərini, həm də dəmir yolunu vuracağıq. Amma neft-qaz kəmərləri eyni zamanda Gürcüstan üçün də xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu səfəri Ermənistanın təhdidinə cavab kimi qiymətləndirmək olar”.