“Psixoloji təsir koronavirus qədər təhlükəlidir”

Fərqanə Mehmanqızı:“Normadan artıq psixoloji təsir depressiya ilə nəticələnə bilər”


Koronavirus təhlükəsi hər kəsi təşvişə salıb. İnsanlar müxtəlif üsullarla bu xəstəlikdən qorunmağa çalışırlar. Kimi tibbi maskadan istifadə edir, kimi ictimai nəqliyyata ayaq basmır. Hətta evdən çölə çıxmayanlar da var. Doğrudur, koronavirus canlar almaqda davam edir. Ancaq xəstəlikdən sağalanlar da az deyil. Deməli, immunitetdən, gigiyena qaydalarına əməl etməkdən savayı psixoloji hazırlıq da bu məsələdə mühüm rol oynayır. 



Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a bildirib ki, lazımsız psixoloji təsir arzuolunmaz nəticə verə bilər:

“Heç kim koronavirusun təhlükəli olmadığını iddia edə bilməz. Ancaq təşvişə düşməyə də ehtiyac yoxdur. Təbiətdə koronavirusdan əvvəl də müxtəlif xəstəliklər, viruslar mövcud olub. Demirəm ki, özümüzü aldadaq, virusu görməzdən gələk. Sadəcə, normadan artıq psixoloji təsirin depressiya ilə nəticələnəcəyini bilmək lazımdır. Psixoloji təzyiq də xəstəlik qədər təhlükəlidir. Viruslar bir müddətdən sonra öləcək, amma insanın özündə yaratdığı depressiya adətən uzun ömürlü olur və insanın xarakterinə, davranışına təsir göstərir”.