“Pul həm də koronavirus mənbəyidir” – Həkim qorunmağın yollarını izah edir

“Səhərdən axşama qədər ən çox insan əli dəyən obyekt məhz pul vahididir. İstənilən halda özümüzü qorumalıyıq”



Pul sürətlə əldən-ələ keçir. Məlumdur ki, bütün dünyanı təşvişə salan koronavirusun əşyalardan keçməsi halları da var. Virus pula düşdüsə və həmin pul bir əldən digərinə keçirsə, insanın virusa yoluxma ehtimalı çoxalır.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva da qeyd edib ki, nəinki kağız pullarda, ümumiyyətlə, hansı obyektə daha çox insan əli dəyirsə, mikrobioloji çirklənmə baş verir:

 “Biz dəfələrlə demişik ki, koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və əşyaların üzərindəki canlılığını itirir. Ümumiyyətlə, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra əlləri təmiz yumaq lazımdır".

Gün ərzində pulla kifayət qədər təmasda olduğumuz üçün virusdan necə qorunacağımız hər birimizi düşündürür. Davamlı olaraq əllərin yuyulması vacib olsa da, küçədə pulla təmas zamanı bu, mümkün deyil.

Məsələyə münasibət bildirən həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, puldan istifadə zamanı viruslardan qorunmanı tənzimləmək çox çətindir. Onun sözlərinə görə, insanlar  pulla kifayət qədər təmasda olurlar:

“Əhali kartlar vastiəsilə əmək haqlarını və pensiyalarını götürürlər. Pul bankomata banklardan, banklara da müxtəlif yerlərdən yığılır. Səhərdən axşama qədər ən çox insan əli dəyən obyekt məhz pul vahididir. İstənilən halda özümüzü qorumalıyıq. Bütün tibb işçilərinə göstəriş verilib ki, əlcəklərdən istifadə etsinlər. Maksimum qorunmaq vacibdir. Düzdür, puldan koronavirusa yoluxma ehtimalı azdır. Çünki virus infeksiyalarının əksəriyyəti hava-damcı yolu ilə keçir. Amma bütün hallarda qorunmaq gərəkir”.