“Azərbaycanda koronavirusa qarşı ciddi tədbirlər görülür” - Baş redaktor


Bəhruz Quliyev:“Əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi işlər görülür” 

“Ölkəmizdə insanların kütləvi toplaşdığı yerlər, təhsil, tədris müəssisələri, ictimai nəqliyyatlarda dezinfeksiya işləri aparılır”



Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-yə müsahibə verib. O bildirib ki, koronavirusla bağlı təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var:
“Koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Koronavirus yeni virusdur, bütün dünyada onunla davranma yolu müəyyən edilməyib. Narahatlıq yaradan isə daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır. Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı”.

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev də “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda dünyada koronavirus epidemiyası ilə bağlı problemlər göz qarşısındadır. Amma bu virusu digər infeksiyalarla müqayisə etdikdə onun heç də dəhşətli və ya qorxulu olmadığını görmək mümkündür. Ekspertin sözlərinə görə, koronavirusdan öncə baş verən epidemiya və digər viruslara nəzər saldıqda görərik ki, qədim dövrlərdə sudan, torpaqdan, heyvandan və digər müxtəlif vasitələrdən keçən epidemiyalar kütləvi insan ölümünə səbəb olub:
 

“Hətta dünya ölkələri arasında epidemiyalardan bioloji silah kimi istifadə edərək süni şəkildə virus ötürməklə müharibə növü kimi istifadə ediblər”.

Koronavirusun o qədər də təhlükəli olmadığını deyən B.Quliyev vurğulayıb ki, digər infeksiyalar kimi bu xəstəlikdən də qorunmağa ehtiyac var:

“İl ərzində müxtəlif respirator viruslardan ölüm hallarının sayı koronavirusdan ölənlərin sayında daha artıqdır. Hər il dünyada 8 mindən artıq insan müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hansısa xəstəliyin yayılmasının qarşısını almaq istəyiriksə, ilk növbədə ondan qorunmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb ki, virusla bağlı ən kritik vəziyyət Çin, İtaliya, Cənubi Koreya və İrandır. Virusun dünyanı ağuşuna almaması üçün digər dövlətlər də infeksiyaya qarşı tədbirlər görür, mühüm addımlar atır”.

Ekspert qeyd edib ki, Azərbaycanda da virusun lokallaşdırılması istiqamətində aiddiyyəti orqanlar tərəfindən ciddi addımlar atılır, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi işlər görülür: 

“Ölkəmizdə insanların kütləvi toplaşdığı yerlər, təhsil, tədris müəssisələri, ictimai nəqliyyatlarda dezinfeksiya işləri aparılır. Bununla yanaşı Nazirlər Kabineti tərəfindən virusa yoluxma təhlükəsinə qarşı tədbirlərin görülməsi üçün 10 milyon vəsait də ayrılıb. Hesab edirəm ki, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar da var. Hazırda koronavirusa qarşı konkret vaksin olmasa da, hər gün virusdan sağalanların sayının daha da artması onun o qədər də ağır və təhlükəli olmadığını bir daha sübut edir”.