Qoy, güllələr yox, güllər açılsın - Müharibədən məşum bir epizod

 Ayyət Əhməd yazır

1993-1994-cü illər idi, cəmi 4-5 yaşım vardı. Qardaşımın 6, bacımın isə 2 yaşı olardı. Dünyaya göz açdığım Qazaxın Daş Salahlı kəndində gecələri düşmənin "Qrat"ından açılan mərminin vahimə dolu səsi ilə yatırdıq, səhərləri də elə o səslə açırdıq. Buna yatmaq,oyanmaq demək olardısa... Sözün əsl mənasında havada barıt “kokusu” (iyi) vardı. Bütün səhərləri hövlnaq oyanardıq. Gecənin bir aləmində qəfil məhəllədə "Qrat" mərmisinin səsi ilə evinə mərmi düşən insanların ah-naləsi göyə dirək olurdu. Qorxu, vahimə adamın iliyinəcən işləyirdi. Qulaqlarımızı tutub, bizi evlərin "podval”larına doldururdular ki, o səsləri eşidib, psixoloji sarsıntı keçirməyək. Heyhat, nə fayda eşitdiklərimizi eşidirdik. İndi bir epizod ərz edəcəm, görün, o müdhiş mənzərənin canlı şahidi olan uşaq psixoloji travmasız necə yaşaya bilər axı?! Yadıma gəlir, yenə də odlu-alovlu günlərdən biri idi. 20-30 dəqiqə olardı ki "Qrat"ın səsi dinmişdi, birdən yenə vahiməli səs aləmi bürüdü. Evin aynaları şaqqıldadı, dirəklər yerindən oynadı, sanki. Bütün mərmilər düz bizim evə tuşlanmışdı, elə bil. İndi dərk edirəm ki, düşmən artıq yaşayış massivini hədəfə alıbmış. Artıq "Qrat" mərmiləri ara vermirdi. Rəhmətlik atam isə bizim evin "podval"ı olmadığı üçün hamımızı qucağında babamgilə qaçırırdı. İlk olaraq 2 yaşlı bacımı və hər şeyi başa düşdüyü üçün qardaşımı sinəsinə basıb apardı.  Evdə anamla mən qalmışdım. Atam onları qoyub, ara yolla sürətlə qaçıb, bizi götürməyə gəlirdi. Və birdən... Birdən dizləri yerə çökdü. Bu an anamdan bir fəryad, qışqırıq, bağırtı və haray dolu bir səs qopdu ki... İnanın, "Qrat"ın səsini də batırdı, sanki... Məni də qucağına alıb,  atama tərəf qaçmaq istədi. Nə qədər çalışdısa, addım ata bilmədi. Sən demə, həmin an zəlzələ də baş veribmiş. Bir də baxdıq ki, zəlzələ atamı ara yoldakı setka çəpərlərə döyür və atam yenə dayanmadan bizə tərəf qaçmağa çalışır. İndiki kimi yadımdadır, ağlı, mavili "Montana" sportivnisi bütün palçığa bələnmişdi o bizə gəlib çatanda. Anam isə hələ də zəlzələdən xəbərsiz idi, elə bilirdi atam yaralanıb. O qədər qorxmuşdum, atamın ayaqlarından var gücümlə yapışmışdım, addım atmağa imkan vermirdim. Qorxumdan gör necə qışqırmışamsa, atam çarəsiz halda əllərini dizinə vurub elə beləcə də dedi: " Ay Allah, bu uşaq heyif oldu".

Mən ayılanda, oyananda "Qrat"ın səsi kəsmişdi, anam başımı tumarladı, əlimə də arpadan hazırlanmış əppək(çörək) verdilər. Süst düşmüşdüm. Sonra anamın qucağında küçəyə cıxdıq, gördüyüm insanların üz-gözlərindəki həsrət, nisgil, qəzəb, hiddət, ağrı, məyusluq, kədər adamın içini daha da qaraldırdı, tükünü ürpədirdi. Hə, bir də çoxlu sayda it küçə ilə zingildəyə-zingildəyə üzü yuxarı qaçırdı. Xəbər yayıldı ki, həmin səs-küydən sonra heç nədən qorxmayaraq evinin qabağında dayanıb, düşmən raketlərinin istiqamətini müşahidə edən Rəhimoğlu Sayad kişi şəhid olub. Sonra bir də belə ağrı, həyəcan yaşamayaq deyə, bizi Mingəçevirə apardılar.

Orada bir neçə ay qaçqınlıq həyatı yaşadıq. Amma kişilər kənddən çıxmadılar. Hə, düz oxudunuz kişilər kənddən çıxmadılar. Sonunacan orada qaldılar. Bax, müharibə budur, atam balası! Müharibəni yaşayan insanlar üçün o ağırdır və adamı qəbir evinə qədər ağrıdır. Daim arzu edirəm ki, qoy, bəşəriyyətdə güllələr deyil, güllər açılsın!



 
P.S. Yuxarıdakı uşaqlıq fotom Mingəçevirdə çəkilib, o vahiməli, uğultulu səs yoxdur, amma kədər, nisgil, ağrı, məsumiyyət, miskinlik yenə çöhrəmizdən çəkilməyib. Yuva salıb üz-gözümuzdə...