Ermənistana elə zərbə vurulmalıdır ki...

Bir ay ərzində işğal olunmuş ərazilərdə yox, məhz dövlət sərhəddində iki hərbçimizi şəhid ediblər


Düşmənin silahlı qüvvələri dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti təxribata əl atıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, martın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində rayonun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan əsgər Orxan Paşazadə yaralanıb. Yaralı əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Xatırladaq ki, Azərbaycan Ordusu martın 2-dən genişmiqyaslı komanda-qərargah təlimləri keçirir. Məhz təlimlərin keçirildiyi məqamda düşmən tərəfin atəşkəsi davamlı pozması və təmas xəttində snayperləri işə salması müəyyən planlardan xəbər verir. 

Ermənilərin növbəti təxribatını “Şərq”ə analiz edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan Silahlı Qüvvələrinin təxribatının arxasında məkrli planlar var. Siyasi şərhçinin sözlərinə görə, düşmənin Azərbaycanla dövlət sərhəddində təxribata əl atması digər ölkələrin diqqətini münaqişəyə yönəltməyə hesablanıb:

“Prinsipcə, atəşkəs mütəmadi olaraq işğal olunmuş ərazilərdə təmas xətti istiqamətində olmalıdır. Amma Ermənistan cəbhə xəttində deyil, dövlət sərhəddi istiqamətində təxribatlara əl atmaqdadır. Azərbaycan tərəfi heç vaxt dövlət sərhəddində atəşkəsi pozmaqda maraqlı olmayıb. İrəvan çalışır ki, Azərbaycan Qazax istiqamətində Ermənistana zərbə vursun və düşmən ölkə dərhal KTMT-yə müraciət edərək, bu təşkilatın hərbi kontingentini Azərbaycanla sərhəddə yerləşdirsin. Hətta itkiləri çoxaltmaq üçün düşmən tərəf Rusiyanın 102-ci bazasında peşəkar snayper kurslarında təlimat alan snayperçilərini sərhəddə yerləşdirib. Məqsəq Azərbaycanı provakasiyaya cəlb etməkdir”. 

Analitikin fikrincə, Azərbaycan preventiv zərbələrdən çəkinməməli və Ermənistanın istənilən təxribatlarının qarşısını almalıdır:

“Bir ay ərzində işğal olunmuş ərazilərdə yox, məhz dövlət sərhəddində iki hərbçimizi şəhid ediblər. Ermənistana bu istiqamətdə elə bir zərbə endirilməlidir ki, İrəvan bu cür təxribatlara getməyə cürət etməsin”.