Süni qiymət artımı: Sarımsaq quzu ətindən bahadır

Qiymət artımı koronavirus ətrafında yaranan ajiotajla bağlıdır

Koronavirusun  arealının genişlənməsi virusdan ölən insanların sayının hər gün bir az daha artması  dünyada narahatlıqla müşahidə olunur. Son günlər Azərbaycana qonşu olan İranda  bu virusun sürətlə yayılması, xəstəlikdən çoxlu sayda insanların dünyasını dəyişməsi isə  ölkəmizdə müəyyən əndişə yaradıb.

Təbii üsulla koronavirusla mübarizə aparmağın müxtəlif yollarını açıqlayan mütəxəssislər onların arasında sarımsaq və soğanın qəbulunu birinci yerdə görürlər. Xüsusən də sarımsağın virusla mübarizədə əvəzsiz olduğu vurğulanır. Həkimlərin sarımsaqla bağlı  tövsiyələri sarımsaq satanların işinə xeyli yarayıb. Son 2 həftədə ölkə bazarında sarımsaq və soğanın qiymətində bahalaşma müşahidə olunur. Bundan əvvəl kilosu 3-4 manat, dənəsi 20 qəpiyə satılan sarımsağın qiyməti kəllə-çarxa qalxaraq, kilosu 13-15 manata, dənəsi isə 40-70 qəpiyə satılmaqdadır. Eləcə də soğanın qiymətində artım var.
Ekspertlər qeyd edir ki, koronavirusla bağlı digər məhsullar kimi sarımsaq və soğanın idxalı müvəqqəti olaraq dayandırılsa da, ötən il ölkə əhalisinin tələbatını ödəyəcək qədər anbarlarda sarımsaq, soğan məhsulu var. Üstəlik, İran, Türkiyə, hətta Çinin özündən ölkəmizə tonlarla sarımsaq gətirilib. Beləliklə də bəzi işbazlar tərəfindən bu məhsulların qiyməti şişirdilmiş şəkildə artırılıb.

 Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun "Sherg.az"a açıqlamasına görə,  ötən il Azərbaycanda  39 min ton sarımsaq istehsal edilib.  2018-ci ildə isə bu rəqəm 44,9 min ton olub. Hansı ki, bu, son illərin rekord göstəricisidir:

"2016-2017-ci illərdə isə cəmi 20 min ton sarımsaq istehsal olunduğundan qiymətlər çox yüksəlmişdi. Bazarlarda 6-8 manatdan satılırdı. Ona görə də növbəti illərdə fermerlər sarımsaq istehsalına diqqət yetirməyə başladılar. İstehsal artanda isə qiymət ucuzlaşdı və bu, fermerləri qane etmədi. Ona görə də 2019-cu ildə  5 min ton az sarımsaq istehsal olunub.  Azərbaycanda hələ də istehsal və tələbatla bağlı fermerlər arasında maarifləndirmə işləri lazımi qaydada aparılmır. Bir ildə hər hansı məhsulun qiyməti kəskin bahalaşırsa, növbəti ildə əksər kəndlilər çalışır ki, həmin məhsulun istehsalı ilə məşğul olsunlar".
Azərbaycanda istehsal olunan sarımsağın tələbatı ödəyəcək miqdarda olmadığını vurğulayan ekspert ötən il Azərbaycana 300 tondan artıq sarımsaq idxal olduğunu  deyib. 
İqtisadçı hesab edir ki, bunun əsas səbəbi Azərbaycanda istehsal dayanıqlığının olmamasıdır.  Qiymətlər ucuzlaşan kimi sarımsağın istehsalı aşağı düşür. Çünki bu məhsulun zərərvericiləri, xəstəlikləri ilə vaxtlı-vaxtında mübarizə aparılmır, düzgün saxlanma şəraiti yoxdur. Ucuz qiymətə sarımsaq satmaq heç kəsə sərf eləmir:

"Aqrar sahədə aparılan yarıtmaz siyasətin  nəticəsidir ki, ölkəmizdə istehsal olunan sarımsaq istehlak tələbatından azdır. Dayanıqlı istehsal olsaydı, idxala heç ehtiyac qalmazdı. Azərbaycana idxal olunan sarımsağın böyük bir hissəsi Çindən gəlir.  İstehsal yetərli olanda da fermerlər istehsal etdikləri sarımsağı saxlaya, bazara çıxarıb istədiyi qiymətə sata bilmirlər. Bu kimi problemlərin qarşısını almaq üçün də hökumətin xüsusi tədbiri  olmalıdır. Əhalinin sarımsağa olan tələbatını ödəyəcək qədər sarımsaq istehsal olunması üçün fermerlərə şərait yaradılmalı, onların imkanları genişləndirilməlidir. Elə bir məhsul yoxdur ki, Azərbaycan öz istehsalı ilə əhalinin tələbatını ödəsin. Qiymət artımı koronavirus ətrafında yaranan ajiotajla bağlıdır. Mütəxəssislərin sarımsağın virusa qarşı immunitet möhkəmləndirməsini bəyan etməsindən sonra insanlar  kütləvi şəkildə sarımsaq istehlakına başladı. Süni qiymət artımı o həddə çatıb ki, sarımsaq quzu ətindən bahadır. Quzu ətini almağa qorxan insanlar  bütün gün sarımsaq yeməklə özlərini koronavirusdan sığortaladıqlarını hesab edirlər.  Halbuki quzu əti insan orqanizmi üçün sarımsaqdan qat-qat faydalıdır".

Həkim Aqil Əliyev də mövzu ilə bağlı müəyyən tövsiyələr verib. Onun sözlərinə görə,  sarımsaq orqanizmdə immuniteti artırır, virusları məhv edir, güclü qurdqovucu təsir göstərir.

Həmçinin mədə-bağırsaq xəstəliklərinin müalicəsində, damarların divarının təmizlənməsində misilsiz effektə malikdir. "Hətta 1967-ci ildə çinlilər sarımsaqdan xüsusi məlhəm hazırlayıblar və həmin məlhəm ”Qırmızı kitab"a düşüb. Hazırda biz həmin məlhəmdən baş gicəllənməsində istifadə edirik. Sarımsağı açıq şəkildə otaqda qoyanda havadakı bütün virusları məhv edir. Qrip xəstəliyinin ən güclü dərmanı sarımsaqdır".

Lakin həkim bu məhsuldan çox istifadənin orqanizmə mənfi təsir göstərə bildiyini də istisna etməyib:

“Gün ərzində 3 diş sarımsaqdan artıq qəbul etmək tövsiyə olunmur. Çünki çoxlu qəbul etdikdə orqanizmdə qanı qatılaşdırır, bu da trombun, infarktın yaranmasına səbəb ola bilir. Həmçinin mədə-bağırsaqda qanaxma, selikli qişanın yanmasına, nəticədə mədə yarasının yaranmasına səbəb olur. Sarımsaq  təbii antibiotik olduğundan ondan aşırı istifadə məsləhət görülmür. Hamilə qadınlar və mədə xorası xəstəliyi olanlar sarımsaqdan istifadəyə məhdudiyyətlə yanaşmalıdırlar".

Sarımsaq həmçinin  onkoloji xəstəliklərin profilaktikası üçün sarımsaq ən yaxşı vasitədir.  

Qan təzyiqi yüksək olanlar üçün sarımsaqdan istifadə məsləhətdir. O, damarları genişləndirir, qan təzyiqini aşağı salır.  Sarımsaq zəngin olan tərkibi ilə bədənin müqavimətini artırır, immun sistemini gücləndirir.  Sarımsaq ödqovucu xassəyə malikdir.  Tərkibində B1 vitamininin olması ilə sarımsaq sinir siseminin normal fəaliyyəti üçün də faydalıdır. Antitoksik xassəyə malik sarımsaqdan orqanizmin zərərli maddələrdən təmizlənməsində də istifadə olunur.  Mütəmadi sarımsaqdan istifadə etməklə damar xəstəlikləri problemlərindən yaxa qurtarmaq mümkündür.