YAP parlamentin vitse-spiker postuna namizədini açıqladı 


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilib. 
“Sherg.az” xəbər verir ki, iclasda altıncı çağırış Milli Məclisin spiker və vitse-spiker postuna namizədlərin adları müəyyənləşib. 

YAP-ın Milli Məclisin birinci vitse-spikeri postuna namizədi Əli Hüseynlidir. Əli Hüseynli 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri, Binəqədi rayonu 135 saylı orta məktəbi bitirib. 1985-1986-cı illərdə Rusiyanın Kalinin vilayəti “Kalininselstroy” tikinti idarəsində fəhlə işləyib. 1987-ci ildə Kalinin Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1988-1989-cu illərdə hərbi xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1993-cü ildə təhsilini başa vurub. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, 1996-2000-ci illərdə isə Azərbaycan Respublikasının Milli Məclisində müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri doktorudur.

Əli Hüseynli V çağırış Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Gənclər və idman komitəsinin üzvü olub. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri idi. Həmçinin Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür. O, Korrupsiya ilə Mübarizə Parlamentarilərin Qlobal Təşkilatının Azərbaycan Bölməsinin sədridir.