Feministin intiharına sözardı... :“Hardadır bu aksiyanı təşkil edənlər?!”

“Bu qızları küçələrə çıxardıb əllərinə tərbiyəsiz mətnlər yazılmış plakatlar verənlər hanı?!”

Müşfiq Ələsgərli:“Bu yerdə intiharın lənəti “8 mart aksiyası”nın təşkilatçılarının üzərinə gəlir. 5-3 manat qrant almaq, Avropada sığınacaq əldə etmək üçün insan-insana bu zülmü edərmi?!”




Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan bildirib ki, A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır. 
Qeyd edək ki, A. Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. O, özünü binadan atmazdan əvvəl “Facebook”da intihar edəcəyini açıqlayıb. Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

“Sherg.az”ın xəbərinə görə, hadisəni sosial şəbəkədə təhlil edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, belə yaramaz aksiyaların təşkilatçılarına məsuliyyətləri anladılmasa, Aysel Ələkbərzadə kimi intihar edənlərin sayı çoxalacaq.

M.Ələsgərlinin sözlərinə görə, nəticədə cəmiyyətimiz üçün ciddi problemlər ortaya çıxacaq: 

“8 martda gəncləri “Feministlərin Marşı” adı altında aldadıb “seksual azlıqların” aksiyasına cəlb edənlər Ayselin simasında yüzlərlə gənci həm ailələrinin, həm də cəmiyyətin qınağına, təhdidinə tuş ediblər. Hardadır bu aksiyanı təşkil edənlər? Bu qızları küçələrə çıxardıb əllərinə tərbiyəsiz mətnlər yazılmış plakatlar verənlər hanı? Videogörüntülərə baxanda elə nəticə çıxır ki, bu gənc qızların hansı aksiyaya qoşulduqları, nə tələb etdikləri barədə anlayışları olmayıb”. 

M.Ələsgərli vurğulayıb ki, intihar çıxış yolu deyil, lənətlənmiş hərəkətdir: 

“Amma insanlara, sanki bu yolu seçməkdən başqa variant da buraxmayıblar. Valideyn bir an göz açıb görüb ki, övlad üzdəniraqların şüarını qaldırıb, onların əhatəsindədir. Qonşu baxıb ki, hər gün salamlaşdığı, nəvazişlə dindirdiyi biri çirkabın içindədir! Övladı valideynlə, qohumu qardaşla, qonşunu qonşuyla üz-üzə qoyublar. Bu yerdə intiharın lənəti “8 mart aksiyası”nın təşkilatçılarının üzərinə gəlir. 5-3 manat qrant almaq, Avropada sığınacaq əldə etmək üçün insan-insana bu zülmü edərmi?!”