İqtisadçı narazıdır: “Ümidini təqaüdə dikən tələbələr də var”

“Elə tələbələr olur ki, gündəlik tələbatlarını həmin təqaüd hesabına ödəyirlər. Bu mənada təqaüd verilərkən təkcə akademik göstəricilər, kəsr yox, həm də sosial vəziyyət nəzərə alınmalıdır” 





Tələbələrə təqaüd təyin olunması qaydası dəyişib.  Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”a əlavələr  edib.
Qaydaya edilən əlavəyə əsasən isə cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verərək və ya yay semestrində dinləyərək müvəffəq qiymət almış tələbə növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilməyəcək. 

Dəyişikliyi dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında  qeyd edib ki, bu məsələdə differensial yanaşma tələb olunur:


 “İstənilən halda sosial vəziyyət nəzərə alınmalı və differensial yanaşma olmalıdır”. 
 
N.Cəfərli düşünür ki, təqaüdlərin artırılması  da mümkündür. Bu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq:

 “Tələbələrə verilən təqaüdlərin məbləği elə də çox deyil. Bunun artırılması üçün Azərbaycan iqtisadiyyatının imkanı çatır. Elə tələbələr var ki, gündəlik tələbatlarını həmin təqaüd hesabına ödəyirlər. Bu mənada təqaüd verilərkən təkcə akademik göstəricilər, kəsr yox, həm də sosial vəziyyət nəzərə alınmalıdır”. 

 Ekspertin sözlərinə görə, sözügedən əlavəyə müəyyən korrektələrin edilməsi daha məqsədəuyğundur:

“Təklif edərdim ki, kəsrə görə təqaüddən məhrum edilən tələbənin təqüdü başqa bir tələbənin hesabına köçürülsün. Belə olan halda heç olmasa, bir tələbənin sosial vəziyyəti daha da yaxşılaşar”.