Bəyanat, qətnamə dövrü bitib – Silahlar danışmalı...

«Ermənistan 27 ildir ki, sülhə yaxın durmur. Deməli, biz hərbi yolla torpaqlarımızı azad etməliyik»

«Yalnız bundan sonra Dağlıq Qarabağa səfər etmək istəyənlər işğalçılardan yox, bizdən icazə alacaqlar"




Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı yenilənib. Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına 947 nəfərin adı salınıb. Qeyd edək ki, 2020-ci ilin fevralın 5-də təqdim edilmiş siyahıda 936 nəfərin adı olub. 

Yaxşı, bəs bu siyahıyalınmanın əhəmiyyəti olurmu? Görünür, yox. “Qara siyahı”dan qorxanlar azdır. Bəlkə də, yoxdur. Elə isə nə etmək lazımdır?

Bu barədə “Sherg.az”a fikirlərini bildirən millət vəkili Elman Məmmədov deyir ki, Azərbaycan tərəfi mütləq bunu etməlidir:


“Biz işğalçılara və onları dəstəkləyənlərə etiraz əlaməti olaraq “Qara siyahı”nı tərtib etməliyik. Onlar az da olsa utanmaq hissi  olsa, əməllərindən əl çəkərlər. Əksinə, əməllərinə davam etməklə cinayətkarlarla həmfikir olduqlarını sübut edirlər”.    

Deputatın sözlərinə görə, belə mənfi halları dayandırmağın yeganə yolu torpaqlarımızı hərbi yolla azad etməkdir: 

“Artıq bəyanatlara, qətnamələrə ümid etmək lazım deyil. Ermənistan 27 ildir ki, sülhə yaxın durmur. Deməli, biz hərbi yolla torpaqlarımızı azad etməliyik. Yalnız bundan sonra Dağlıq Qarabağa səfər etmək istəyənlər işğalçılardan yox, bizdən icazə alacaqlar”.