“8 mart aksiyası”ında qadına azadlıq istənilmirdi” – Baş yazar

Bəhruz Quliyev:“Bu, Azərbaycan xanımının əxlaqi-mənəvi dəyərlərinə hücum deməkdir”


“Şərq qadını üçün feminizmə qoşulmaq düzgün deyil. Çünki Şərq qadınında əxlaqi və mənəvi dəyərlər üstünlük təşkil etməlidir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, “8 mart aksiyası” və burada səsləndirilən şüarlar Azərbaycan qadınına yaraşmayan bir haldır:

“Feminist hərəkatının tarixi 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərinə gedib çıxır. Bu hərəkat ilk dəfə Qərbdə başlayıb. Həmin dövrdə qərbdə yaşayan qadınların mənəvi-əxlaqi azadlığa ehtiyacı olub. Beləliklə, qadınlar feminist hərəkatını yaratmaqla cəmiyyətdə mənəvi azadlıqları uğrunda mübarizə aparmağa başlayıblar.

Ümumiyyətlə, ismət anlayışı yalnız müsəlman qadınında var. Heç bir Qərb təfəkküründə ismət anlayışı yoxdur. Məhz feminizmin özü də mənəvi anlayış olduğu üçün mənəvi cəhətdən xanımların əxlaqi azadlığını istəyib. Ona görə də Şərq qadını üçün feminizm təfəkkürü düzgün deyil”. 



B.Quliyev bildirib ki, feminist hərəkatı adı altında bəzi Azərbaycan qızlarını öyrədib müxtəlif ictimai yerlərdə tərbiyəsizlik etmək qadına azadlıq istəmək deyil:

“Bu, Azərbaycan xanımının əxlaqi-mənəvi dəyərlərinə hücum deməkdir. Feminizm mənəvi dəyərlərimizi korlayan bir hərəkatdır. Əxlaqi dəyərlərimizə qarşı həssas olmalıyıq. Bizi Qərb qadınından fərqləndirən bəzi dəyərlər var ki, ata-babalarımız onlara hörmətlə yanaşıb və bu dövrə gətirib çıxarıb.

Biz də həmin dəyərləri gələcək nəsillərə ötürməliyik. Həmin dəyərlər müsəlman dünyasının bizə verdiyi ənənədir. Hansısa müxalif təşkilatın və ya hərəkatın sifarişi ilə feminizm aksiyasını fəallaşdırmaq yolverilməzdir.

Azərbaycan qızları kiminsə siyasi oyununun qurbanına çevrilə bilər. Ona görə də Azərbaycanın mənəvi dəyərlərini düşünənlər bu hərəkatı pisləyəcək. Feminist hərəkatı və bəzi qızları öyrədib əxlaqsız şüarlarla ictimai yerlərdə çığırmaq yolverilməz və ədəbsizlikdir.

Ona görə də bu hərəkat ictimai qınağa tuş gəldi. Xanımlarımız heç vaxt alətə çevrilməməli, kiminsə sifarişini yerinə yetirməli deyil. Onlar ata-babalarımızdan gələn mənəvi-əxlaqi dəyərlərimizə hörmətlə yanaşmalıdır”.