Davudoğlular və Babacanlar bir layihədir, amma…”-ŞƏRH

“Onlar hakimiyyətdə olduğu dövrdə toplumun xatırlaya biləcəyi ciddi addımlar atmayıb”

“Ərdoğan qarşısında nəyəsə nail olacaqları, siyasi arenada, xalq arasında nüfuz qazanacaqları şübhəlidir. Çünki Türkiyənin indiki hökuməti düzgün siyasət həyata keçirməkdədir” 




“Əhməd Davudoğlunun “Gələcək” Partiyası və Əli Babacanın “Demokratiya və İnkişaf Partiyası (DEVA) sosial sifariş və ehtiyacdan doğan siyasi qurumlar deyil”. 
Bunu “Sherg.az”a açıqlamasında Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri deyib. 
Analitik bildirib ki, hazırda Türkiyənin ictimai-siyasi vəziyyətində bu partiyaların yaranmasına ehtiyac yox idi: 

“Türkiyədə dövlətin milli maraqlarını güdən “Cumhur İttifaqı” var. AKP və MHP-dən təşkil olunmuş bu siyasi ittifaq qardaş ölkənin milli və dövlət maraqlarını yüksək səviyyədə qoruyub saxlaya bilir. Belə məqamda AKP-nin içindən çıxmış bəzi siyasilərin yeni partiya yaratmaqda hansı məqsədi güddükləri bəlli deyil. Onların qayələri türk toplumuna sırınmağa çalışılan zərərli ideyaları reallaşdırmaqdır. Türkiyə son dönəmlər xaricdə və daxildə diplomatik, iqtisadi, hərbi yöndə güclü siyasət yürütməkdədir. Türkiyə özü oyun quran və oyunları pozan bir dövlətə çevrilib. Bunu qardaş ölkənin düşmənləri də etiraf edirlər. O baxımdan Davudoğluların və Babacanların ortaya çıxması qlobal güclərin maraqlarını özündə ehtiva edən bir layihədir”. 

N.Mirinin fikrincə, bu cür siyasi təşkilatların özünə tərəfdar toplaya biləcəyi inandırıcı görünmür: 

“Babacanın Ərdoğan qarşısında nəyəsə nail olacağı, siyasi arenada, xalq arasında nüfuz qazanacağı şübhəlidir. Bu şəxs hakimiyyətdə olduğu dövrdə toplumun xatırlaya biləcəyi ciddi addımlar atmayıb. Hətta onu dəstəkləyən sabiq prezident Abdullah Gül belə xüsusi siyasətlə yadda qalmayıb. Türkiyənin indiki hökuməti kifayət qədər qətiyyətli və düzgün siyasət həyata keçirməkdədir. Biz bunu Suriyada, Liviyada, Aralıq dənizində müşahidə edirik”.

Qeyd edək ki, Türkiyə baş nazirinin sabiq müavini, Ədalət və İnkişaf Partiyasından ayrılmış Əli Babacanın qurduğu yeni partiyanın ismi bəlli olub. Babacanın yaratdığı “Demokratiya və İnkişaf Partiyası” (Deva) adlı təşkilatın rəhbərliyində köhnə AKP-lilər Sadullah Ergin, Nihat Ergün və Bəşir Atalay da təmsil olunur. Yeni quruma Türkiyənin 11-ci prezidenti Abdulla Gül də dəstək verir. Ötən gün qurduğu partiya ilə bağlı mətbuata açıqlama verən Əli Babacan AKP seçicilərinin 20 faizinin onun partiyasına, 30 faizinin isə Əhməd Davudoğlunun “Gələcək Partiyası”na səs verəcəklərini iddia edib. Babacan Türkiyənin ciddi problemlərinin olduğunu və ölkəyə rəhbərlik etdiyi qısa müddət ərzində bütün problemləri həll edəcəyini iddia edib.