“Danışıqlar prosesinin heç bir əhəmiyyəti yoxdur” - Real təhlil

“Belə vəziyyətdə ordunun üzərinə böyük və məsuliyyətli vəzifə düşür”

Politoloq:“Minsk qrupunun həmsədrlərinə və beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, belə davam etsə, daha təsirli addımlar atacağıq. Mövcud vəziyyət artıq belə addımlar atmağımızı yaxınlaşdırır”




Martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində şəhid olub. 



Düşmən təxribatına dair fikirlərini “Sherg.az”la bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, hər gün sərhəddəki atışmalar zamanı əsgərlərimiz, zabitlərimiz şəhid olur. Bu, o deməkdir ki, müharibə gedir:

“Kimsə müharibənin getmədiyini düşünürsə, bu, yalandır. Nə üçün başqa ölkələrin sərhədlərində həlak olan yoxdur? Çünki orada müharibə şəraiti mövcud deyil. Bizdə isə sadəcə olaraq müharibənin forması dəyişib və real təsirləri bir az aşağı düşüb. Müharibə gedirsə, deməli ordumuz daha fəal olmalıdır”. 

Politoloq qeyd edib ki, Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin heç bir əhəmiyyəti yoxdur. Belə vəziyyətdə ordunun üzərinə məsuliyyətli vəzifə düşür:

“Keçən illərin təcrübəsi onu göstərir ki, təxribatlar çoxalsa, hərbi əməliyyatların aparılması qaçılmaz olacaq. Xüsusilə, cəbhə xəttində əməliyyatlar aparılmalıdır. Çünki qarşı tərəf başqa dil başa düşmür. Hazırda sərhədyanı bölgədə təxribat nə üçün baş verir? Əslində Ermənistan çalışır ki, Azərbaycanı təxribata çəksin, nəticədə ordumuz Ermənistanda yerləşən obyektləri vursun.

Beləliklə, düşmən beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, guya Azərbaycan Ermənistana hücum edir. Təxribatın əsas məqsədi bundan ibarətdir.  Ona görə də təxribatın reallaşmasına imkan vermirik. Amma Minsk qrupunun həmsədrlərinə və beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, belə davam etsə, daha təsirli addımlar atacağıq. Mövcud vəziyyət artıq belə addımlar atmağımızı yaxınlaşdırır”.