“Kişilərin öpüşməsi nə türklərə, nə də müsəlmanlara aiddir” – Deputat


“Koronavirusun müsbət miraslarından biri odur ki, ən azı kişilər anlayacaqlar ki, Anadoluda türklər qafalarını, çeçenlər isə çiyinlərini çiyinlərinə vurub salamlaşırlar”

“Əl ilə sıxışanda mehribançılıq azalmır ki...Qadınların özləri bilər, onların bir-biri ilə görüşüb-öpüşməkləri qəribə alınmır, ancaq kişiləri bu bəladan koronavirus xilas edə bilər”





Millət vəkili Fazil Mustafa koronavirusdan cəmiyyətimizə qalacaq müsbət mirası sadalayıb. “Sherg.az” xəbər verir ki, millət vəkili onları aşağıdakı kimi qruplaşdırıb:

“Distant təhsil artıq bütün cəmiyyət həyatında öz zəruriliyini təsdiq edəcək və bütün orta və ali məktəb şəbəkəsində onun sistemli tətbiqini görəcəyik. Məktəblərdə masaların bəzəyi olan kompüterlərin normal işləməsi barədə düşünüləcək. Bundan başqa,  milli kültürümüzə haradansa virus kimi daxil olan kişilərin bir-biri ilə öpüşmə adətinin yenidən dirçəlməsi koronavirusdan sonra xeyli çətinləşəcək. Ən azı anlayacaqlar ki, Anadoluda türklər qafalarını bir-birinə vurub salamlaşırlar, çeçenlər çiyinlərini çiyinlərinə vurub salamlaşırlar, bu azərbaycanlılarda kişilərin öpüşmə adəti nə türklərə, nə də müsəlmanlara aiddir. Əl ilə sıxışanda mehribançılıq azalmır ki...Qadınların özləri bilər, onların bir-biri ilə görüşüb-öpüşməkləri qəribə alınmır, ancaq kişiləri bu bəladan koronavirus xilas edə bilər”.

Həmçinin millət vəkili vurğulayıb ki, dəbdəbəli toylardan və yaslardan sadələşmiş formadakı mərasimlərə keçilməsi adamlara o düşüncəni təlqin edəcək ki, adam kimi sevinmək və adam kimi kədərlənməkdən gözəl bir şey yoxdur:

“Quranda hər sətirbaşı israfdan və həddini aşmaqdan danışılır, koronavirus təhlükəsi bir neçə ay davam etsə, cəmiyyətimizə lazım olan həddi və israfı anlada bilər və beləliklə bu məsələdə də islahımız mümkün olardı. Eyni zamanda cəmiyyətimiz bir az intizama və həmrəyliyə öyrənəcək. Təhlükə ümummilli xarakter alanda, insanlar bir-birinə daha çox dəyər verməyə başlayırlar. Bu virusa zəngin və yoxsulun eyni şərtlər altında yoluxması mümkün olduğuna və hər ikisnin də bərabərhüquqlu vəziyyətdə 14 gün eyni məkanda karantində qalmaq şərtlərinə görə cəmiyyətdə insanlar arasında əsl səmimiyyətin şahidi ola bilərik. Bundan əlavə qida təhlükəsizliyi ilə bağlı daha ciddi həssaslıq yaranacaq. İnsanlar zərərli qidaların fəsadları barədə daha çox düşünəcəklər və koronavirus sarımsağın layiqli mövqeyini istehlak zənbilimizdə gücləndirəcək. Bununla belə, koronavirus dövründə spirti ələ sürtənlərdən daha çox mədəsinə ötürənlərin sayının artması narahatçılıq doğurmamalıdır. Bu adamların sırasından bir ölüm faktı olarsa, sonradan kimsənin dilinə qorxudan spirtli içki dəyməyəcək”.

F.Mustafa hesab edir ki, təqvimimiz daha da sadələşəcək:

“Artıq miladdan əvvəl, miladdan sonra deyil, "koronovirusdan öncə", "koronavirus zamanı" və "koronavirusdan sonrakı dövr" deyə dünya tarixinə daha yaxın məsafədən baxacağıq.
Və nəhayət, kosmosa peyk göndərməkdən daha asan iş olan tibbi maskaların istehsalına başlayacağıq və anlayacağıq ki, Çinə arxayın olub, hansısa sahədə yerli istehsalı dayandırmaq olmaz”.