“Elektron hökumət heç kimdən rüşvət istəmir” – “Vintlər” bərkidilir

 “ASAN Xidmət”lərin fəaliyyəti bu cəhətdən səciyyəvidir. Odur ki, son illərdə korrupsiyanın, az qala, yox dərəcəsində olduğunu demək olar”



Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb. 
Bunu dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə, külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar zəruri edib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük maşını saxlanılıb. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.
 Müntəzəm olaraq müxtəlif əməliyyat-axtarış tədbirləri zamanı məmurlar saxlanılır, onların əməlləri ifşa edilir. Buna baxmayaraq, yüksək vəzifəli şəxslər yenə də dərs çıxarmır, öz çirkin əməllərinə davam edirlər. 



Məsələ ilə “Sherg.az”a danışan millət vəkili Aqil Abbas qeyd edib ki, məmurların şəffaf fəaliyyəti labüddür:

“Düzdür, belə hallar olub. Ancaq əvvəlki illərə nisbətən xeyli azalıb. Bu sayaq arzuolunmaz halların birdəfəlik və tamamilə aradan qalxması üçün yalnız şəffaflıq lazımdır”.

A.Abbasın fikrincə, elektron hökumətin yaradılması rüşvətxorluğunun qarşısının alınması istiqamətində mühüm rola malikdir: 

“Əgər beş manatlıq işi kimsə yeddi manata görürsə, bu, korrupsiyadır. Ancaq elektron hökumət heç kimdən pul istəmir. “ASAN Xidmət”lərin fəaliyyəti bu cəhətdən səciyyəvidir. Odur ki, son illərdə korrupsiyanın, az qala, yox dərəcəsində olduğunu demək olar”.