“Belə aksiyalarla qadınlarımızı yoldan çıxarırlar” 


“Türk kişisinin qadını həmişə qabaqda olub, əri ilə müharibədə iştirak edib, öz sözünü deyib”



Martın 8-də bir qrup gənc feminist şəhərdə “8 marş” aksiyası keçirib. Aksiya zamanı əxlaqsız şüarların səsləndirilməsi  ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.  Aksiya zamanı plakatlar, səsləndirilən şüarlar cəmiyyətimizdə heç də xoş qarşılanmayıb. Bütün ölkə və sosial media ictimaiyyəti hiddətlə bu aksiyanı və orada səsləndirilən şüarları kəskin qınayıb. 

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu da “Sherg.az”a bildirib ki, “8 Marş” aksiyasında iştirak edənlər feminizmin adını batırdılar:

“Bu aksiya feminizmin başına “daş saldı”. Səsləndirilən şüarlar, çıxışlar, qadınların dediyi sözlər Azərbaycan xanımına yaraşmayan hal idi. Əslində aksiyadakı qadınlara yazığım gəlir. Onları kim idarə edir, niyə onların beynində bu cür düşüncələr var? Həmin qızları başqa cür tərbiyə etmək olardı. Onlar oxuyub, azad olardılar və hüquqlarını düzgün müdafiə edərdilər.

Dünən Aygün Muradxanlı ilə Nərmin Şahmarzadənin debatına qulaq asdım. Nərmin deyir: “Biz rayonlara gedib orada qadın hüquqlarının pozulduğunu, erkən nikahların olduğunu müşahidə etmişik”. Nə vaxt və necə gediblər? Biz neçə ilin cəmiyyətiyik, Prezident Aparatının icazəsi olmadan rayonlara gedə bilmirik. Hansı rayona gedib çıxış ediblər və kimlərlə görüşüblər? Rayona gedənlər bizik. Nərmin yalandan çıxış edərək gənc xanımları yoldan çıxarır, qadınlardakı ləyaqəti aşağılayır.

Türk milləti hər zaman qadınla fəxr edib. Türk kişisinin qadını həmişə qabaqda olub, əri ilə müharibədə iştirak edib, öz sözünü deyib. Heç vaxt türk qadını bozbaş bişirməyib. Belə aksiyalar keçirməklə qadınlarımızı pis günə salıb yoldan çıxarırlar”.