“Prezident parlamentin qarşısında mühüm tapşırıqlar qoydu”

Cavid Osmanov :“Milli Məclis insanları narahat edən problemləri hökumət orqanları və ayrı-ayrı icra strukturları qarşısında qaldırmalı və onların həllini tələb etməlidir”  




“Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında geniş, proqram xarakterli bir nitq söylədi”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. 

Deputat bildirib ki, dövlət başçısı parlamentin açılışında çıxışı zamanı dünyada baş verən hadisələrə, Azərbaycanın mövqeyinə, ölkədaxili vəziyyətə və bir çox mühüm məqamlara toxundu: 

“Öncə fürsətdən istifadə edib parlamentə seçilən bütün həmkarlarımı təbrik edirəm və fəaliyyətlərində uğurlar arzulayıram. VI Çağırış Milli Məclisin açılışında çıxış edən cənab Prezident parlamentin qarşısında duran vəzifələri bir daha xatırlatdı və öz tapşırıqlarını verdi. Ölkə rəhbəri deputatların missiyasını və məsuliyyətini geniş şəkildə müəyyənləşdirdi.

Əminliklə demək lazımdır ki, yeni parlamentin formalaşması ümumən ölkədə gedən islahatların tərkib hissəsidir. Xüsusən, Milli Məclisdəki kadr islahatları, tamamilə yeni simaların vəzifələrə seçilməsi bunun əyani sübutudur. Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisin buraxılması təşəbbüsünün də məqsədi Azərbaycanda aparılan hərtərəfli islahatlarda qanunvericiliyin də rolunu təmin etmək, islahatlara töhfə vermək idi”. 

Millət vəkili bəyan edib ki, dövlət başçısının yeni parlamentin qarşısında qoyduğu vəzifələr, tapşırıqlar çox mühümdür: 

“Ölkə rəhbəri vurğuladı ki, millət vəkilləri daim seçicilərlə ünsiyyətdə olmalıdır. Ən əsası isə insanları narahat edən problemləri hökumət orqanları və ayrı-ayrı icra strukturları qarşısında qaldırmalı və onların həllini tələb etməlidir”.