“Neqativ iqtisadi təsirlərə qarşı tədbirlər planı...” – Xərclər optimallaşdırılır

“İnsanların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan sosial layihələrin icrası uğurla davam etdirilir”


“Son zamanlar gündəmi zəbt edən əsas məsələlərdən biri dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsidir. Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin operativ iclasında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsiri ilə bağlı müzakirələr keçirilib. Müzakirələrin gedişində bir daha məlum oldu ki, hökumət neqativ iqtisadi təsirlərin neytrallaşdırılması üçün qabaqlayıcı tədbirlər planlarına malikdir”.




Bu fikirləri “Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O bildirib ki, hazırda beynəlxalq aləmdə cərəyan edən proseslər, başverən mühüm hadisələr Azərbaycan ictimaiyyəti tərəfindən maraqla izlənir, müvafiq təhlillər aparılır: 

“Bütün proseslər nəzarətdədir və lazım olan bütün addımlar atılır. Dünyada 2014-cü ildən başlanan qlobal maliyyə böhranına baxmayaraq ölkəmizin dayanıqlı iqtisadi inkişafı təmin edilib. Son illər ölkə iqtisadiyyatının inkişafı daha da sürətlənib, mühüm sosial layihələr icra edilib. Statistik rəqəmlərə diqqət yetirsək bir daha bu reallığın şahidi olarıq. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dolları həcmindədir. Xarici
dövlət borcunun ümumi daxili məhsula nisbəti 17 faiz təşkil edir. Bu, dünyada ən aşağı göstəricilər sırasındadır. Ölkəmizin iqtisadi inkişafının davamlılığı təmin edilib. Ötən illərdə olduğu kimi, 2020-ci ildə də həyatın bütün sahələrində müsbət inkişaf dinamikasını müşahidə etmək mümkündür. Bu ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artıb, inflyasiya 2,8 faiz təşkil edib.”

Baş redaktoru əlavə edib ki, ölkə iqtisadiyyatında dayanıqlı inkişaf təmin edilməklə yanaşı, şaxələndirmə də sürətlə davam etdirilir: 

“İqtisadiyyatın ayrı-ayrı sahələrinə böyük miqdarda investisiyalar qoyulur. Paytaxt, eləcə də regionlarda iri istehsal müəssisələri istifadəyə verilir. Büdcə xərclərinin səmərəliliyi artırılaraq optimallaşdırılır. Vergi və gömrük sistemində köklü, çevik və müasir dövrün tələblərinə uyğun islahatlar aparılır. Həmçinin insanların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan sosial layihələrin icrası uğurla davam etdirilir”.

V.Rəhimzadə vurğulayıb ki, bu gün hökumət tərəfindən istehlak bazarına ciddi nəzarət həyata keçirilir: 

“Aidiyyəti qurumlar mütəmadi olaraq yoxlamalar aparırlar. Mövcud vəziyyətdən öz maraqları üçün yararlanmağa çalışan bəzi fürsətcil sahibkarlara qarşı ciddi tədbirlər görülür. Bir sözlə, hökumət mövcud durumu ciddi nəzarətdə saxlayır”.