"Putin köhnə modelə qayıtdı" – Postundan ikiəlli yapışıb     


“Konstitutsiya dəyişikliklərindən sonra ona yenidən prezident seçilmək imkanı saxlandı”

Elxan Şahinoğlu: “Əslində bu məqam Rusiya üçün böyük təhlükədən xəbər verir. Deməli, nə vaxtsa, Putin olmayanda həqiqətən Rusiyanı çox böyük təlatümlər gözləyə bilər”




Rusiya prezidenti Vladimir Putin növbəti prezident seçkilərində iştirak edəcək. O, bu barədə Dövlət Dumasında Konstitusiyaya düzəlişlərlə bağlı çıxışında deyib. Putin həmçinin bildirib ki, Konstitusiya məhkəməsinin qanunvericiliyə zidd hesab etmədiyi və müvafiq qərarı təsdiqlədiyi təqdirdə düzəliş mümkündür. Lakin bundan əvvəl Rusiya vətəndaşları düzəlişlərin qəbulu ilə bağlı fikirlərini bildirməlidirlər.
Daha öncə Putin prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyətin aradan qaldırılması fikrini dəstəkləmədiyini də bildirmişdi.

Rusiya liderinin çıxışını “Sherg.az” şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Putin konstitutsiyaya dəyişikliklərin zərurətini vurğulayanda federal şura qarşısında bir şəxsin 2 dəfədən çox prezident seçilmədiyini vurğulamışdı:



“Putinin prezidentlik müddəti 2024-cü ildə bitirdi və onun 4-cü prezidentliyidir. O, 4 il fasilə verərək baş nazir vəzifəsində çalışdı. Düşünürdü ki, bəlkə, özündən sonra güclü prezident olmayacaq.

Ona görə də uzun müddət dövlət başçısı vəzifəsini daşımasın. Sonra isə düşündü ki, görəsən prezidentlikdən gedəndən sonra 2024-cü ildə təsir imkanlarının qalması üçün nə etsin? Bu haqda bir neçə variant səsləndirildi.

Deyirdilər ki, bəlkə, Putin baş nazir olacaq və parlamentin səlahiyyətləri artacaq. Ya da dövlət şurasının rəhbəri olacaq. Sonda Putin əlacsız qalıb yenidən köhnə modelə qayıtdı. Yəni konstitutsiya dəyişikliklərindən sonra ona yenidən prezident seçilmək imkanı saxlandı. Deməli, Putin 2024-cü ildən sonra yenidən namizədliyini versə, 2036-cı ilə qədər iki dəfə ard-arda prezident seçilə bilər.

Əslində heç nə dəyişmədi. Putinin çıxışından belə başa düşdüm ki, o olmasa, Rusiya dağıla bilər. Rusiyaya güclü əl və prezident lazımdır. Əslində bu məqam Rusiya üçün böyük təhlükədən xəbər verir. Deməli, nə vaxtsa, Putin olmayanda həqiqətən Rusiyanı çox böyük təlatümlər gözləyə bilər”.