“Sosial şəbəkələr narkotik kimidir, asılılıq yaradır” - MÜSAHİBƏ

Sahib Altay: "İnsanlarda o qədər özlərinə heyranlıq yaranıb ki, sosial mühit onları maraqlandırmır"


 Sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Özümüz də fərqində olmadan texnoloji avadanlıqların, o cümlədən kompüterin, smartfonların əsirinə çevrilir, onlarla “dostlaşırıq”. İnsanlar günlərinin böyük bir hissəsini sosial şəbəkələrdə keçirirlər. Yeni medianın verdiyi imkanlardan biri də senzuranın olmamasıdır. Yəni insanlar istədiklərini yazır, başqalarının şərəf, ləyaqət və işgüzar nüfuzunu tapdalamaqdan çəkinmirlər. Deməli, texnologiya təkcə dost yox, həm də düşməndir. Elə isə nə etmək lazımdır? Dövrün diktəsinə uyğunlaşmaq, ya sosial mediadan imtina edərək əsrlər əvvələ qayıtmaq? Məsələ ilə bağlı sosioloq Sahib Altayla həmsöhbət olduq:

- Bəzən insanlar sosial medianın imkanlarından sui-istifadə edərək etik normaları pozur, hətta şər və böhtana əl atırlar. Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

- Cəmiyyətin qapalı və açıq olmaqla iki növü var. Qapalı cəmiyyətdə bütün sahələrdə senzura tətbiq olunur. Açıq cəmiyyətdə isə insanlar daha sərbəstdirlər. Biz açıq cəmiyyətdə yaşadığımıza görə bu halla barışmalıyıq. Demirəm, insanların bir-birlərini təhqir etməsi təqdirəlayiqdir. Əlbəttə, yox. Amma sosial şəbəkələrin texnologiyanın təzahürü olduğunu nəzərə almalıyıq. Çünki müasir dövr texnologiya üzərində qurulub. Konstitusiyada da göstərilir ki, yalan məlumat yaymaq, kiminsə şərəf və ləyaqətini tapdalamaq qadağandır. Amma hər kəsin söz, ifadə və düşüncə azadlığı da qanunla qorunur. Odur ki, sosial şəbəkələrə senzura tətbiq etmək mümkün deyil. Sadəcə insanlar özləri öz hərəkətlərinə nəzarət etməli və buna görə məsuliyyət daşıdıqlarını başa düşməlidirlər. Bəzi ölkələrdə internetdən istifadə məhdudlaşdırılır. Əksər dövlətlərdə isə sosial azadlıq var. Senzuranın mənfi cəhəti odur ki, istedadlı insanların üzə çıxması üçün imkan az olur. Əks halda da qeyri-peşəkarlar “meydan sulayırlar”. İnsanlar diqqət mərkəzində olmaq, “Like” yığmaq üçün nə gəldi yazır, yayırlar. 

- Sosial şəbəkələrdə “selfie”lər üstünlük təşkil edir. Ancaq bəzən insanlar həyatlarını təhlükəyə ataraq “selfie” çəkirlər. Bu nə dərəcədə düzgündür?

- Əlbəttə, düzgün deyil. Amma bu tendensiya dünyanın bütün ölkələrində var. İnsanlar o qədər öz-özlərinə pərəştiş edirlər ki, dediyiniz problem meydana çıxır. 

- Feministlərin sosial şəbəkələrdə yaydığı fotolar da birmənalı qarşılanmadı...

- İlk növbədə onu deyim ki, elm və ideologiya fərqli məfhumlardır. Dünyada gender bərabərliyi adında elmi araşdırmalar var. Feminizm isə elm deyil, ideologiyadır. Bu ideologiya ilk dəfə XVII əsrdə kişilər tərəfindən yaradılıb. Sonrakı dövrlərdə inkişaf edib və günümüzə qədər gəlib çatıb. Azərbaycan konstitusiyasında göstərilir ki, kişilərlə qadınların hüquqları bərabərdir. Lakin qadınlar sosial-iqtisadi cəhətdən kişilərdən asılıdır. Bunu gündəlik müşahidələrdən də görə bilərik. Şəxsən mən feminizmin əleyhinə deyiləm. Ən azından ona görə ki, belə aksiyalar sosial aktivliyi artırır. Həm də feministlər alternativ düşüncə ortaya qoyurlar. Bununla belə səslənən şüarların, plakatlardakı yazıların doğru olmadığını düşünürəm. Onsuz da o şüarı səsləndirənlər istədiklərini də rahat formada edirlər. Hələ fərd olmayan, yəni kiminsə qızı, yoldaşı, bacısı kimi tanınan qadın üçün azadlıq istəmək isə düzgün deyil. 

- Sosial şəbəkələr meydana çıxandan insanlar real ünsiyyətdən qaçıb virtual ünsiyyətə üstünlük verirlər. Bununla bağlı nə düşünürsünüz? 

- Tamamilə haqlısınız. Sosial şəbəkələrin adında bir sosiallıq olsa belə, insanı assosiallığa öyrədir. İnsanlarda o qədər özlərinə heyranlıq yaranıb ki, sosial mühit onları maraqlandırmır. Ona görə də məsləhət görülür ki, uşaqlar saat yarımdan artıq sosial şəbəkədə vaxt keçirməsinlər. Sosial şəbəkələr narkotik kimidir, asılılıq yaradır. Ancaq bu, beynəlxalq əhəmiyyətli bir problemdir. Hətta artıq tibb mütəxəssisləri sözügedən məsələ haqqında düşünməli olublar.