Tədris müddətinin uzaldılmasına MÜNASİBƏT: “...Asan olmayacaq”

Kamran Əsədov:“Distant təhsil sistemi qaydasında olsa idi, bu əmrə ehtiyac qalmazdı”


Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.  Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.  Əmrdə qeyd edilib ki, buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi, mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək. 

Bəs tələbələr isti yay günündə necə dərsə gedəcəklər? Axı bu, bəziləri üçün diskomfort yaradacaq.  

Təhsil eksperti Kamran Əsədov əmrlə bağlı “Sherg.az”a münasibət bildirib. O, düşünür ki, ali təhsil müəssisələri indidən buna hazırlıq görməlidirlər:



“Əmr ancaq universitetlərə aiddir. Çünki orta məktəblərin heç də hamısında lazımi şərait, o cümlədən havalandırma sistemi yoxdur. Universitetlərdə isə vəziyyət nisbətən yaxşıdır. Buna baxmayaraq, dərslərin dayandırılmasından istifadə edən rektorlar çatışmazlıqları aradan qaldırmalıdırlar. Çünki doğrudan da, isti yay ayında dərsə getmək və auditoriyalarda oturmaq tələbələr üçün asan olmayacaq”. 

 K.Əsədovun fikrincə, distant təhsil sistemi qaydasında olsa idi, bu əmrə ehtiyac qalmazdı:

 “Belə fövqəladə vəziyyətdə ən optimal çıxış yolu distant təhsildir. Ancaq bizdə hələ bu sistem inkişaf etməyib. Əgər distant təhsil inkişaf etsə idi, bu əmrə ehtiyac qalmazdı”.