Nazirliyə İTTİHAM: “Nə üçün distant əvəzinə teledərs ?!”

Osman Gündüz: “Keyfiyyətli internet olmadığı üçün Təhsil Nazirliyi distant tədris prosesinə deyil, məhz teledərslərə üstünlük verib" 

“Bu  işdə 50 il bundan öncəki texnologiyadan istifadə edərək xidmət göstərməyə üstünlük verilməsi NRYTN adına  utancvericidir”


Martın 11-dən başlayaraq həftənin beş günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Təhsil Nazirliyi şagirdlərə dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. 

TN-nin dəstəyi ilə start verilən  yeni layihəni müsbət dəyərləndirən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə hesab edir ki,  bu, özlüyündə , mahiyyətcə faydalı bir addımdr. Yəni Koronavirusla bağlı uzun müddət tətilə çıxan şagirdlərin tədris prosesindən geri qalmaması üçün TN tərəfindən alternativ olaraq təklif olunan bir variantdır. TV-nin hər bir dəqiqəsi böyük vəsaitlər tələb etdiyindən , AzTV rəhbərliyinin ölkədə təhsilin inkişafı üçün belə bir addımı da təqdirəlayiqdir: " Sadəcə mənim üçün  maraqlı olan bir məsələ var. Nə üçün distant əvəzinə teledərs ?

Görəsən mövcud İnternet infrastrukturu, internetin keyfiyyəti daha ucuz, daha effektiv və interaktiv forma olan distant tədris prosesini qurmağa imkan verərdimi?



Yəni hər bir şagird evində monitor arxasında və ya smartfonda eyni bir anda müvafiq dərsləri , tapşırıqları alıb, real vaxt müddətinə müəllimlərlə informasiya münasibətləri qura, suallarını verə , diskussiya apara, onlayn tədris prosesində iştirak edə bilərdimi ?
Axı TV ilə yalnız ötürmək mümkündür, İnternetdə isə interaktivlik kimi güclü xüsusiyyət də var.
Belə görünür ki TN bununla bağlı monitorinq aparıb və yuxarıdakı sualın cavabı mənfi olduğundan, keyfiyyətli internetə əlçatımlıqla bağlı problemlər olduğundan məhz daha ənənəvi -daha əvvəlki texnologiyalara üstünlük verilərək , teledərslərin təşkili məqsədə müvafiq hesab olunub.

Bildiyim qədər TN uzun illər NRYTN ilə , necə deyərlər “vuruşub” məktəblərə fiber-optik xətt çəkə bilməmişdi. Əvəzində TN məcbir olub Bakcell ilə müqavilə bağlayaraq , təxminən 1000 məktəbə mobil internet verməyə məcbur olub. Yəni TN zamanında NRYTN-dən əlini üzərək , yerin altı və üstündəki telekommunikasiya infrastrukturundan istifadə edə bilməyərək, havadan – mobil operatorlardan xidmət almaq məcburiyyətində qalıb. Hazırda da TN-in statistikasına baxsaq görərik ki 4500 məktəbdən cəmi 300-400 məktəbin fiber optik bağlantısı var . Bu indiki anda olduqca aşağı bir göstəricidir. Bir xeyli məktəbdə ümumiyyətlə genişzolaqlı internet yoxdur. Çox güman ki bütün bunları nəzərə alaraq , TN məcburən distant tədris prosesinə deyil, məhz teledərslərə üstünlük verib". 

O. Gündüzün sözlərinə görə,  Təhsil Nazirliyinin  əhaliyə xidmət göstərmək üçün adında yüksək texnologiyalar  sözü olan qurumun infrastrukturundan deyil, sadəcə 50 il bundan öncəki texnologiyadan istifadə edərək xidmət göstərməyə üstünlük verməsi NRYTN adına  utancverici bir prosesdir:

"Tam səmimi deyirəm ki Azərbaycan İnternet Forumunun rəhbəri olaraq,Təhsil Nazirinin belə bir əmrini eşidəndə bir alternativ tədris formasının təklifi olaraq çox sevinsəm də, inkişafına məsuliyyət daşıdığım sahənin nümayəndəsi olaraq da çox təəssüfləndim. Düşünürəm ki, hökumət fors-major hallara hazır olmaq üçün, müasir çağırışlara cavab vermək üçün dayanıqlı infrastruktur qurmağa ciddi diqqət yetirməlidir. Ölkənin telekommuniikasiya infrastrukturu alternativlər üzərində yenidən qurulmalıdır.Xüsusilə də regionlarda “hər evə optika” layihəsinin reallaşmasına diqqət yetirilməlidir. TN də baş verənlərdən bir daha nəticə çıxararaq distant formada təhsilin təşkili üçün hüquqi bazanı qaydaya salmalı, hökumətə təkliflər verməli, artıq bu şəraiti olan təhsil müəssisələrinə distant təhsil üçün lisenziya verməlidr.

Bundan ötrü qabaqcadan distant standartları , lisenziya şərtlərini müəyyən etməldir. Bildiyim qədər yaxın müddətdə TN-nin Təhsil Sisteminin İnformasiyalaşması İdarəsində distant təhsilin təşkili ilə bağlı müzakirənin aparılması nəzərdə tutlub. Bu qurumda distantla bağlı bir xeyli işlər görülüb. Ümid edirəm yaxın zamanda bu təhsil formasının təşkili üçün bütün zəruri addımlar atılacaq".