Fikirlər HAÇALANDI:“Ana südü qəbul etməyən uşaq ac qalsın?!”

“İlk altı ayda körpə ana südü ilə qidalanmalıdır. Bu, həm valideyn, həm də uşaq üçün vacibdir”

“Süni uşaq qidalarının istifadəsində analarla yanaşı, bəzi tibb işçiləri də günahkardılar” 


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov süni uşaq qidalarının satışının qismən məhdudlaşdırılmasını təklif edib. O qeyd edib ki, bu qidalar elə yerlərdə satılmalıdır ki, gənc analar onları görməsin. Birlik sədri Azərbaycanın ana südü ilə qidalanma baxımından Avropa ölkələrindən xeyli geridə qaldığını deyərək, bununla bağlı 2001-ci ildə qanun qəbul edildiyini dilə gətirib:

“Süni qidaların beynəlxalq qanunlara əsasən, istənilən yerdə satılması düzgün deyil. Gənc analar bu yeməkləri gördüyü halda uşaqlarına alternativ qida tapdıqlarını düşünürlər”. 

Məsələyə münasibət bildirən pediatr Vaqif Qarayev isə “Sherg.az”a açıqlamasında süni qidaların alternativ xarakter daşıdığını deyib: 

“Heç kim süni qidaların ziyansız olduğunu deyə bilməz. Ancaq bu və ya digər səbəbdən ana südü qəbul etməyən uşaq nə etməlidir? Körpə ac qalmalı deyil ki... Bəzən analar övladlarına süd vermək istəmirlər. Halbuki, ana südü uşaq üçün olduqca vacibdir. Ümumiyyətlə, bu məsələdə analarla yanaşı, bəzi tibb işçiləri də günahkardılar”. 

V.Qarayevin sözlərinə görə, heç bir qida ana südü qədər xeyirli və təsirli ola bilməz: 

“Süni qidaları ana südü ilə müqayisə etmək olmaz. Xüsusilə ilk altı ayda körpə ana südü ilə qidalanmalıdır. Bu, həm valideyn, həm də körpə üçün vacibdir. Eyni zamanda ana uşağını südlə qidalandırarsa, onlar arasında emosional bağlantı yaranır”. 

Həkimin fikrincə, daha vacib məsələ süni qidaların necə, hansı şəraitdə hazırlanmasına diqqət etməkdir:

 “Ana südü qəbul etməyən körpə süni qida ilə qidalanmalıdır. Amma bir də görürsən ki, eyni firmanın istehsal etdiyi süni “yemək”lə qidalanan uşaqlardan birində mədə-bağırsaq problemi yaranır. Çünki həmin bağlama düzgün şəraitdə saxlanılmayıb. Bu məsələyə həssas yanaşmaq lazımdır”.