Çıxış yolu qalmayıb: "Müharibə başlamalıdır !”


Akif Nağı:“Beynəlxalq təşkilatlar görsün ki, düşmənin mənfi əməlləri olduğu üçün müharibəyə başlamağa haqqımız var”




Cəbhədə erməni təxribatları davam edir. Düşmən növbəti dəfə Qazaxda yaşayış yerlərini atəşə tutub. 

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, işğalçılar bu gün 11:45 radələrindən başlayaraq Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələrini iri çaplı silahlardan intensiv atəşə tutub. 

Son günlər Qazax rayon istiqamətində düşmən təxribatının ardı-arası kəsilmir. Ermənilərin çirkin əməli nəticəsində 2 əsgərimiz şəhid olub. Təxribatların qarşısı alınsa da, düşmən məkrli siyasətindən əl çəkmir.

Erməni təxribatının qarşısını almaqda yeganə çıxış yolunun müharibə olduğunu deyən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a bildirib ki, qoşunlar üz-üzə dayandığı müddətdə bu cür hallara son verilməyəcək. Düşmən çirkin əməllərinə və təxribatlarına davam edəcək. QAT sədri qeyd edib ki, hər dəfə düşmən təxribatı cəmiyyətimizdə gərginliyə və narazılığa səbəb olur:

“Bu yaxınlarda cəbhənin Qazax istiqamətində baş verən erməni təxribat nəticəsində 2 hərbçimiz şəhid oldu. Artıq müharibənin başlanması üçün şərait yaranıb. Yeganə çıxış yolu müharibənin başlamasıdır. Nə qədər ki, vəziyyət belə qalır, ermənilər mövqelərindən geri çəkilməyəcək, təxribatlara davam edəcək. Təbii ki, müharibə şəraitdə olan ölkənin şəhidləri olmalıdır.

Amma bir var, müharibə gedən zaman şəhidlərimiz olsun, bir də var, müharibə yoxdur, torpaqlar işğal altındadır və ermənilər heç nə olmamış kimi əsgərlərimizi öldürürlər. Ona görə də çıxış yolu ancaq müharibənin başlanması və bununla əlaqədar hazırlıq işlərinin görülməsidir.

Ermənilər törətdiyi çirkin əməllərə görə beynəlxalq ictimaiyyətin qınağına tuş  gəlməli və beynəlxalq məhkəmənin qınaq obyekti olmalıdır. Daha təsirli addımlar atmalıyıq ki, düşmən əməllərinə görə cəzalandırılsın. Müharibə üçün hazırlığa başlamalıyıq. Beynəlxalq təşkilatlar görsün ki, düşmənin mənfi əməlləri olduğu üçün müharibəyə başlamağa haqqımız var”.