“Kaspşik gərginliyin qarşısını ala bilməyəcək” – AKTUAL 


Elxan Şahinoğlu:“Ona görə də İrəvanda gərək Kaspşikin “təmas xəttində gərginliyin azalmasına çalışacam” kimi boş vədinə inanmasınlar”

“Kasprşiki bölgəyə göndərən təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə özünün hazırladığı “mərhələli həll” planını İrəvana qəbul etdirmək istəmirsə, atəşkəs daima kövrək olacaq”





“Ermənistanın müdafiə naziri David Toroyan martın 12-də İrəvanda ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüşüb”.

Bu barədə “Sherg.az”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Ekspertin sözlərinə görə, həmin görüşdə erməni nazir az qala Kaspşikə yalvarıb ki, ATƏT nümayəndəsi Azərbaycan-Ermənistan sərhəddi boyunca atəşkəsin riayət olunmasına nəzarət etsin: 

“Toroyan deyib ki, İrəvan sərhəddə atəşkəsin intensiv şəkildə pozulmasından narahatdır. Ermənistanın müdafiə naziri gələcək aylarla bağlı Kaspşikə başqa narahatlığını da çatdırıb. Erməni nazirin sözlərinə görə, bölgədəki gərgin vəziyyətə dünyada ağırlaşan iqtisadi və epidemioloji problemləri əlavə etsək, təmas xəttində durumun gərginləşəcəyini gözləmək olar. Toroyan demək istəyir ki, guya Azərbaycan ordusu dünyada və bölgədə koronavirusla bağlı yaranan durumdan fürsət kimi istifadə edərək hücum əməliyyatı həyata keçirə bilər. Buna cavab olaraq Kaspşik təmas xəttində gərginliyin azalması üçün səylərini maksimim artıracağını bildirib. Ermənistan ordusu atəşkəsi pozur və hərbçilərimizi şəhid edir. Azərbaycan ordusu cavab verir və işğalçı da itki verir. Bundan sonra İrəvan əl-ayağa düşür və beynəlxalq vasitəçiləri köməyə çağırır. Azərbaycan ordusu əməliyyat keçirmək istəsə, Anjey Kaspşik bunun qarşısını ala bilməyəcək. Ona görə də İrəvanda gərək Kaspşikin “təmas xəttində gərginliyin azalmasına çalışacam” kimi boş vədinə inanmasınlar. Əgər Kasprşiki bölgəyə göndərən təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə özünün hazırladığı “mərhələli həll” planını İrəvana qəbul etdirmək istəmirsə, atəşkəs daima kövrək olacaq”.



Analitik bildirib ki, atəşkəsin pozulması ilə bağlı rusiyalı diplomatlardan iki ziddiyətli xəbər gəlib: 

“Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç dedi ki, bölgədə böyük insidentlər yoxdur və silahlı fəaliyyət geridə qalıb. Eyni günlərdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə söylədi ki, Moskva Ermənistanla Azərbaycan sərhddindəki vəziyyətin gərginləşməsindən və atəşkəsin intensiv pozulmasından narahatdır.

Lukaçevişin açıqlaması həqiqəti əks etdirmir. Onun təbirincə, “silahlı fəaliyyət” geridə qalsaydı, nə İrəvan təcili olaraq Kasprşiki İrəvana çağırardı, nə də rusiyalı diplomatın həmkarı Mariya Zaxarova həyəcan təbili çalardı. İrəvanın qorxusu bəllidir. Ermənistan üçün oksigen rolunu oynayan İranla sərhəddi bağlıdır və vurisa görə nə zaman açıqlacağı hələ bəlli deyil. Dünyada və bölgədə iqtisadi vəziyyət ağırlaşır, başqa sərhədlər də qapanır.

Bunun fonunda Ermənistanda düşünürlər ki, dünyanın başının qarışdığı məqamda Azərbaycan fürsətdən istifadə edə bilər. Ancaq Azərbaycanın da İranla sərhəddi qapalıdır və dünya iqtisadiyyatında problemlərin artması istər-istəməz Azərbaycana da təsir edir.

Ona görə də rəsmi Bakının dünyada və bölgədə koronavirusun yayılmasından istifadə edərək orduya hücum əmri verəcəyini söyləmək çətindir. Ancaq bu heç də o demək deyil ki, düşmənin təxribatlarınna əks-hücumla cavab verilə bilməz. 2016-ci ilin aprelində də təxribata əks-hücumla cavab verilmişdi. Belə olan halda koronavirus maneə sayılmayacaq”.