"525"də gördüklərim... - FOTOLAR


Görəsən, ən son evə gedən kim olacaq?


Redaksiyaya getməzdən bir gün əvvəl baş redaktor, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə zəng etdim. Qısa salamlaşmadan sonra soruşdum: “Müəllim, sabah neçədə işdə olacaqsınız? Neçədə gəlim reportaj üçün?”. Cavab özünəxas formada oldu:
- Nə vaxt istəyirsən gəl. Tanıdığın, bildiyin yerdir də

 İndi koronavirus qorxusu Bakının küçələrindən keçib “525-ci qəzet”in redaksiyanın yerləşdiyi binaya gedirəm. Düz deyir Rəşad müəllim, “525”, həqiqətən, mənə əzizdir, redaksiyası doğma məkandır. Hələ şagird vaxtlarımdan yazılarım bu mətbu orqanda dərc edilib. Üstəlik, qonorarın, əməkhaqqının necə şirin olduğunu da ilk dəfə burda dadmışam. 

 Yol boyu “525”də dərc olunan yazılarımı, bura ilə bağlı xatirələrimi yada salıram. Bir də baxıram ki, artıq sol tərəfində “525-ci qəzet”in redaksiyası yazılan qapı ilə üzbəüzəm. İçəri daxil oluram. Dəhlizdə baş redaktorun müavini Yusif Rzayevlə qarşılaşırıq. “Səmimiyyətlə, sərbəst ol, kimlə istəsən danış, fotolar çək” - deyir. Görünür, bu gün redaksiyanın qonağı olacağımdan, burdan reportaj hazırlayacağımdan xəbəri var. 


 
Bir neçə addım atıb, sağa burulur və redaksiyanın ən gənc əməkdaşlarından biri Cəvahir xanımdan adətim üzrə Rəşad müəllimin burda olub, olmadığını soruşuram. Hələ gəlmədiyini deyir. Doğrudan da, yolum həmişə bura düşəndə Rəşad müəllimlə görüşmüşük. Hər dəfə də mənə bir neçə kitab bağışlayır və tövsiyələr verir. 

 Otaqların birindən kompüterin klaviaturasının şaqqıltısı eşidilir. Dəqiq bilirəm-qəzetin idman şöbəsinin müdiri, “Qol.az”saytının baş redaktoru Aydın Bağırovdur. Yeri gəlmişkən, qeyd edim ki, “Qol.az” ən populyar idman saytlarından biri, bəlkə də, birincisidir. Ümumiyyətlə, “525-ci qəzet” bu gün media-holdinq səviyyəsindədir. Burada təkcə qəzetin yox, həm yuxarıda adını çəkdiyim “Qol.az”, həmçinin “Axşam.az” və “Sabah.az” saytlarının ofisləri yerləşir. Sonra da bəziləri yekə-yekə deyirlər ki, mediada inkişaf yoxdur. Əsas məsələ peşəkarlıqdadır... Qapını döyür, içəri girirəm. Təxmin etdiyim mənzərə ilə də qarşılaşıram. Uzun müddətdən bəri tanıdığım Aydın müəllim kompüterdə nə isə yazır. Bütün diqqəti klaviaturadadır. Öz-özümə düşünürəm: “Bəlkə də, saytın uğurunun sirri məhz bunda, operativlikdədir”. 

- Salam, Aydın müəllim. 

- Salam - Redaktor diqqətini yayındırmadan deyir. Bəzən mənə elə gəlir ki, o, kompüterdə gözüyumulu da, özü də heç bir səhv buraxmadan yaza bilər. Hər halda illərin təcrübəsi sözünü deyir. 

 Yalnız bir neçə dəqiqədən sonra üzünü mənə tutur. 
- Həə, nə var, nə yox?
- Sağlıq, siz necəsiz?
- Belə də, yavaş-yavaş. 
 Elə bu vaxt Rəşad müəllimin səsi gəlir. Əməkdaşlarla salamlaşıb, hal-əhval tuta-tuta otağına keçir və “Gəlin, görək” - deyir. İclasdır. Hamı, o cümlədən Aydın Bağırov dəftərçəsini, qələmini götürərək baş redaktorun otağına yollanırlar. Muzakirəyə diqqət kəsilirəm. Qırıq-qırıq səslər eşidirəm. Səhifələrdəki materialları müzakirə edirlər. 

Təklikdən istifadə edib dəhlizdə gəzməyə, necə deyərlər, “kəşfiyyat aparmağa”  başlayıram. Qapının cırıltısı ilə nəzərlərim cəmlənir. Kimdir gələn? Asta-asta qapıya tərəf gedirəm. Bir də baxıram ki, bizim Güneldir, fakültə yoldaşımız, indi III kursda oxuyan Günel Abbas. Artıq bir neçə aydır, “525”lə əməkdaşlıq edir. İstedadlıdır, zəhmətkeşdir. Hərdən bir yazılarını redaktə etdiyimə görə qələminə bələdəm. Otaqlardan birinə keçirik. Söhbət edirik. Qəzetin sabahkı nömrəsində “Sosial şəbəkədə parlayanlar” rubrikasında müsahibəsinin dərc olunacağını xəbər verir. Sevinir, təbrik edirəm. 
 Təxminən 10-15 dəqiqə danışırıq. “Planirovka” başa çatır, əməkdaşlar bir-bir otaqdan çıxırlar. Gənc yazar Şahanə Müşfiqlə dizayner İsgəndər Həsənov birlikdə otağa daxil olurlar. İkisi ilə tanışam. Şahanə xanımdan bir dəfə müsahibə almışam. Tanışlığımız həmin vaxtdan başlayıb. İsgəndər də kollektivin digər üzvləri kimi səmimi və mehribandır. Bir də görürsən, mesaj yazırdı: “Qonorarın var, gəl, götür”. İsgəndər Rəşad müəllimin məni gözlədiyini deyir. Bayaqdan bəri əynimdə olan gödəkçəmi çıxararaq stulun başına keçirir və baş redaktorun yanına gedirəm. Əyləşmək üçün yer göstərir və soruşur:

- Bir şey alınır? 

- Sizinlə ilk görüşümüzdə jurnalistin yarımdolu stəkana baxaraq da nəsə yazmağı bacarmalı olduğunu demişdiniz. Odur ki, bəli, alınacaq. (Rəşad Məcidlə ilk dəfə dörd il əvvəl, indi məzunu olmağa hazırlaşdığım BDU-nun Jurnalistika fakültəsində görüşmüşdük. Professor Akif Rüstəmov onu bizə ustad dərsi keçməyə dəvət etmişdi). 

- Həə.

Bir neçə dəqiqə nə isə düşünür və ayağa qalxaraq yerdəki bağlamaların hər birinin içindən bir nüsxə kitab çıxaraq mənə verir.

- Oxuyarsan.



Təşəkkür edirəm. Bəzən mənə elə gəlir ki, Rəşad Məcid kitabla nəfəs alır...

 Yarım saata yaxın söhbətləşirik. Dəhlizə çıxanda redaktor müavini Seyfəddin Hüseynlinin İsgəndərə nəyisə başa saldığını görürəm. Dizayner kompüter arxasında oturub. Seyfəddin müəllim isə İsgəndərin başının üstündə barmaqları ilə monitorun üstündə sanki cızıq çəkərək tapşırıqlarını verir:

- Bu iki fotonun yerini dəyiş. Rubrikanı da fərqli elə. “Söhbət” yox, “müsahibə”. 

  Günel kompüter arxasında işləyir. Onu izləyir və fərəhlənirəm. III kurs tələbəsinin “525-ci qəzet” kimi bir mətbu orqanda çalışması sözün əsl mənasında xoşbəxtlikdir. Çünki “525” sıradan bir KİV deyil, həm də məktəbdir. Əgər Azərbaycan mətbuatında dörd-beş oxunaqlı, ictimai rəyə təsir edə bilən qəzet qalıbsa, onlardan biri də “525”dir. 

Yusif müəllimin səsi məni fikirlərdən  ayırır. Əlində tutduğu bir neçə siqnal səhifə ilə daxil olur. Hamısının üzərində qırmızı qələmlə düzəlişlər var.  Dizaynerə tələbkarlıqla deyir: “Bunları diqqətlə düzəlt”.

İsgəndər cavab verir:

- Oldu, Yusif müəllim. 

  Qəfil yadıma müəllimlərimizdən birinin, dosent Könül Niftəliyevanın dərs vaxtı dediyi sözü yadıma düşür: “Siqnal səhifəni nə qədər diqqətlə oxusan, oxucuya bir o qədər hörmət etmiş olarsan”. Ümumiyyətlə, qəzetçiliyi mənə o sevdirib. Elə indi əməkdaşı olduğum, respublikanın ən çox oxunan qəzeti ilə də məni Könül xanım tanış edib.

Özümü saxlaya bilmirəm, maraq və hansısa daxili həvəs güc gəlir. Seyfəddin müəllimdən icazə alaraq Yusif Rzayevin gətirdiyi siqnal səhifələri götürüb oxuyuram. “525”in gənc müəlliflərindən Türkan Turanın qadın və kişi münasibətilə bağlı qələmə aldığı essesi diqqətimi çəkir. Sözləri, cümlələri elə gözəl seçib ki... Zərgər dəqiqliyi ilə...

 Başımı əllərim arasına alıb, essenin sonuncu abzasını oxuyurdum ki, telefonumun ekranının yanıb-sönən işığı ilə diqqətim yayınır. Müəllimimiz, professor Cahangir Məmmədlidir. Zəngi qəbul edən kimi özünəxas mehribanlıqla sözə başlayır və dünən dərc olunmuş bir müsahibəmlə bağlı fikrini bildirir:

- Dədə, maşallah, yaxşı yazı idi. Bəyəndim. 
- Sonra da əlavə edir:
- O qədər maraqlı, incə, aktual məsələlərə toxunmusan ki... İmzan da lap sondadır. Nə edək, qəzetçilərin də taleyi belədir. 
...Esseni oxuyub bitirir, növbəti səhifələrə də göz gəzdirirəm. Saatın əqrəbləri bir-birlərini qovub, vaxt ötdükcə siqnal səhifələrin sayı  çoxalır, əməkdaşlar daha sürətli və operativ işləməyə başlayırlar.

Kimi sayta xəbər yerləşdirir, kimi diktafonundakı səs yazısını sürətlə kompüterə köçürür, kimi səhifələrdəki yazıları oxuyur, kimi də səhvləri kompüterdə düzəldir...Hamısını eyni məqam-növbəti nömrənin oxunaqlılığı, keyfiyyəti düşündürür. Görəsən, ən son evə gedən kim olacaq? Cahangir müəllimin sözünü xatırlayıram: “Qəzetçilərin də taleyi belədir...”