Süleyman Rüstəmi unutmaq bizə şərəf gətirməz

Hər şairin yaradıcılığını öz dövrünün şərtlərinə görə təhlil etmək lazımdır


"Bir gün yadınıza düşərsəm, məni,
Bu doğma ellərdə axtararsınız.
Beş-altı nəğmənin müəllifini,
Sevən könüllərdə axtararsınız".

Martın 12-si bu misraların müəllifi,  XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Rüstəmin doğum günü idi. Xalq şairinin anadan olmasından 114 il ötüb.  Yazıya şairin "Axtararsınız" misrası ilə başlasaq da, doğum günündə  şairi axtaranlara rast gəlmədik. Onun məzarını cəmi 3 nəfər ziyarət edib. Sosial şəbəkələrdən əldə etdiyimiz foto fonunda qeyd edək ki, ziyarətçilər AzTU-nun "Azərbaycan dili və pedaqogika" kafedrasının müəllimləri - filologiya üzrə fəlsəfə doktoru Həbib Mirzəyev, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əskərzadə və mən - filologiya üzrə fəlsəfə doktoru  Müşfiq Borçalı olub.  Qalanları isə deyəsən xalq şairini unudub. "Bu bizim vətəndaşlıq borcumuzdur. Unutsaq, unudularıq!" deyən M.Borçalı hesab edir ki, indi Azərbaycan ədəbiyyatının təbliğat və təşviqat kampaniyasının başında Azərbaycan ədəbiyyatından xəbəri olmayanlar durduğu üçün Süleyman Rüstəm unudulmuş ola bilər: "Gənclərimizin böyük əksəriyyəti ədəbiyyat oxumurlar, ədəbiyyatımızdan tamamilə xəbərsizdilər, ordan-burdan eşitdikləri 2-3 cümlə ilə başlayırlar klassiklərə öz qabiliyyət və bacarıqlarına uyğun "qiymət" verməyə. Həmin gəncdən soruşmaq lazımdır ki, sən Süleyman Rüstəm zamanında yaşasaydın, Təbriz haqqında heç olmasa 2-cə sətir yaza bilərdinmi??? Onun Cənub şeirləri milli ruhun oyanışında çox böyük rol oynayıb. Süleyman Rüstəmin adı Azərbaycan ədəbiyyatı tarixinə həkk olunub. Onu necə unutmaq, xidmətlərini yox saymaq olar!?"
Nə yazıq ki, Azərbaycan ədəbiyyatının gənc nümayəndələri, yeni nəsil yazarları onun poeziyasını qəbul etmir.  Fəal kommunist olan şair Süleyman Rüstəm müsavatçıları, yaxud Məhəmməd Əmin Rəsulzadəni tənqid edən şeirlər də yazıb deyə az qala onun adını  Azərbaycan ədəbiyyatından silmək istəyirlər. 
Halbuki heç bir şairi sosializmdə yaşadığı, yaradıcılığında Sovet dövrünün tələbinə uyğun rejimin təbliğinə  yer ayırıb, Leninə, Stalinə, sovet beynəlmiləlçiliyinə şeirlər yazdığı üçün günahlandırmaq olmaz,  onun yaradıcılığını bir heç saymaq olmaz. 

"Ey nazlı vətən,
mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa,

Süleymanı bağışla!"  məgər onun bu misraları  öz vətəninə, xalqına bağlı olduğunun sübutu deyilmi? 

Yazar Qan Turalının da dediyi kimi, Süleyman Rüstəm  Səməd Vurğun, Mikayıl Müşfiqlə birgə Azərbaycan sovet poeziyasının əsasını  qoyan görkəmli bir şairdir:  "Onun unudulması, xatirəsinin anılmaması bizə heç bir halda şərəf gətirmir. Hər şairin yaradıcılığını  öz dövrünün şərtlərinə görə təhlil etmək  lazımdır. Bizdə isə son zamanlar təəssüfləndirici bir tendensiya yaranıb.  Sovet repressiyasının bütün günahını, totalitar rejimin cinayətlərini o dövrün görkəmli şair və yazıçılarının üzərinə atırıq.  Repressiya kimi böyük bir prosesi bir neçə şairin, yazıçının üstünə atmaq düzgün deyil. Hətta bu cinayətin səbəbkarı Stalinlə belə yekunlaşmır.  Öz dövrünün məşəqqətlərinə, məhrumiyyətlərinə  rəğmən Süleyman Rüstəm Azərbaycan ədəbiyyatına xidmət edib. Nə qədər ki bu xalq, bu dil var, şairin "Ana və poçtalyon" şeiri də bizimlə olacaq. Dünyanın  hansısa ölkəsində baş verən müharibənin əks olunduğu filmə baxanda, əsər oxuyanda oğul yolu gözləyən ana obrazı  bizə  daima bu şeiri xatırladacaq. Şair böyük məharət və həssaslıqla cəbhədən – oğlundan məktub gözləyən ananın iztirabını təbii, təsirli qələmə alıb. Süleyman Rüstəmin yaratdığı Ana və poçtalyon obrazları müharibə illərində min bir zillət çəkən Vətən övladlarının unudulmaz surətləridir. Bu surətlərdə çoxunun həyatı var idi.

 Həyatın mənası haqqında düşüncələrə dalanda S.Rüstəmin "Çiçəklər aləmində" şeiri, Cənubi Azərbaycanın həsrətini çəkəndə  onun "Təbrizim" şeirlər silsiləsi gözlərimiz önündə canlanacaq.  Özümüzdən biixtiyar yaddaşımıza həkk olunan misralar dilimizdə səslənəcək.  Ömrünün əsas hissəsində əlinə qələm almayan, yazıb-yaratmayan şairin bu sükutu belə onu anlamağımız üçün kifayət qədər əhəmiyyətli bir məqamdır". 

Qeyd edək ki,  Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.

Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Ələmdən nəşəyə” kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. 
İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb.
Bədii yaradıcılıqla, tərcümə ilə müntəzəm məşğul olan Süleyman Rüstəm həm də müxtəlif məsul vəzifələrdə çalışıb. Bir neçə çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olub.

Onun xalq, vətən qarşısındakı xidmətləri  dövlət tərəfindən layiqincə qiymətləndirilib. Şairin 90, 100 və 110 illik yubileyləri təntənə ilə qeyd olunub, adına Bakıda küçə var, televiziya və radio da onun haqqında verilişlər hazırlayıb, bir neçə dəfə kitabları da çap olunub, xanəndələr, muğam ifaçıları Süleyman Rüstəmin qəzəllərini oxuyurlar. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.