Paşinyan beynəlxalq aləmin tənqid hədəfində... – AKTUAL

Konstitusiya Məhkəməsinin hakimlərinə qarşı apardığı təqib siyasətinə qarşı  xarici bəyanatlar verilib

“Paşinyan 7 hakimin vəzifəsindən azad edilməsi ilə bağlı referendum təyin edib. Ekspertlər isə bunu siyasətçilərin qanunun aliliyinə hücumu kimi qiymətləndir”




"Ermənistanın baş naziri Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin hakimlərinə qarşı apardığı təqib siyasəti beynəlxalq aləmdə tənqid olunmaqdadır".
Bunu "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, Avropa Şurası, həmçinin qurumun Venesiya Komissiyası, Avropa Xalq Partiyası bir neçə dəfə bununla bağlı bəyanatlar veriblər: 

"Həmin bəyanatlarda yüksək ədalət mühakiməsinə qarşı bu cür təqib siyasəti tənqid edilib. Paşinyanın Konstitusiya Məhkəməsinin hakimi Hrayar Tovmasayan və üzvlərindən qisas almaq niyyəti isə eks-prezident Robert Koçaryanla bağlıdır. Çünki Konstitusiya Məhkəməsi Koçaryanın toxunulmazlıq hüququnu nəzərə alaraq, onun həbsdən azad edilməsi barədə qərar verib. Bundan sonra Paşinyan çəkinmədən insanları Konstitusiya Məhkəməsinin girişini bloklamağa çağırıb. O, məsələni bu cür yollarla, eyni zamanda qanuni yolla həl edə bilməyəcəyinə əmin olduğu üçün referendum oyununa əl atıb. Belə ki, gələn ay Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Ölkədə isə referendumun əleyhdarları olan xeyli siyasi qüvvə var.



Siyasi şərhçiyə görə, İrəvan küçələrində "Referenduma yox" bannerləri yerləşdirilib: 

"Ermənistanın "Milli gündəm" partiyasının şura üzvü, politoloq Averik Çalabyan deyib ki, onlar xalqı bu vasitə ilə hakimiyyət tərəfindən Konstitusiyanın pozulmasına yönəlmiş və ictimaiyyəti aldatmağa hesablanmış referendum addımını rədd etməyə çağırırlar. Karneqi Beynəlxalq Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal hesab edir ki, son bir ildə Nikol Paşinyan hökuməti Ermənistanın yüksək instansiya hakimlərinə qarşı müharibə elan edib. O, aprelin 5-də islahat gündəliyini pozmaqda günahlandırdığı Konstitusiya Məhkəməsinin 9 hakimindən 7-nin vəzifəsindən azad edilməsi ilə bağlı ümumxalq səsverməsi təyin edib. Ekspertin sözlərinə görə bu, siyasətçilərin qanunun aliliyinə hücumudur. O xatırladıb ki, ötən ay Venesiya Komissiyasının sədri hər iki tərəfi Ermənistanda konstitusiyanın normal fəaliyyətini təmin etmək üçün təmkinli olmağa və gərginliyi azaltmağa çağırıb. Vaal hesab edir ki, hakimiyyətə gəlişindən sonra Paşinyanın əsas məqsədi keçmiş prezident Robert Koçaryanı həbs etmək idi. O vurğulayıb ki, aprel referendumu ilə Paşinyanın köhnə məhkəmə üzvlərini öz tərəfdarları ilə əvəz etməyə çalışması niyyəti narahatlıq yaradır: "Vahe Qriqoryan - Paşinyanın təyin etdiyi hakim 1 mart işinin qurbanlarının vəkili olub. Yeni ədliyyə naziri 28 yaşlı Rustam Badasyan da əvvəllər Paşinyanla birlikdə işləyib".