Komitə sədri: "Koronavirusa qarşı tədbirlər genişləndirilir"

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus infeksiyası (COVID-19) ilə bağlı qlobal pandemiya elan etdiyi şəraitdə dünya ölkələri əhalinin sağlamlığının qorunması və virusun daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərin həyata keçirilməsinə başlayıb.

"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, COVİD-19 infeksiyasının yaratdığı vəziyyətlə bağlı Azərbaycan hökumətinin ölkəmizdə məhz pandemiya vəziyyəti yaranmadan xüsusi rejimin tətbiqinə başlaması təqdirəlayiqdir:

Bu virusla mübarizədə hökumətin önləyici tədbirlər alması, virusun yayılmaması üçün öhdəsinə düşən işləri görməsi çox önəmlidir və dövlətimiz, hökumətimiz bu istiqamətdə bütün lazımı addımları atır. Azərbaycanın bu məsələ ilə bağlı addımları ÜST tərəfindən də qiymətləndirilir. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkə üçün səciyyəvi hal alıb. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Bu mövzu birbaşa cənab Prezidentimizin nəzarətindədir və bu virusun bir çox ölkədə olduğu kimi, ölkəmizdə geniş yayılmaması üçün tədbirlər daha da genişləndirilir. Amma bu məsələdə məsuliyyət həm də cəmiyyətin, hamımızın üzərinə düşür”.