Deputatdan ilk: Seçiciləri ilə təmas üçün ayrıca bir səhifə yaratdı 

Fazil Mustafa:“Bakıxanov seçiciləri ilə təmas qrupu” adlı səhifəni şəxsən özüm idarə edirəm”

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa öz seçiciləri ilə daha yaxından, fasiləsiz və mütəmadi ünsiyyət qurmaq üçün Feysbukda ayrıca bir səhifə yaradıb. 

“Sherg.az” xəbər verir ki, deputat yeni yaratdığı “Bakıxanov seçiciləri ilə təmas qrupu” adlı səhifənin Milli Məclisdə təmsil etdiyi Bakıxanov qəsəbəsinin seçiciləri ilə daimi virtual əlaqə saxlamaq imkanı verəcəyini deyib: 

“Bu səhifə vasitəsilə öz fəaliyyətimiz barədə məlumatları davamlı olaraq seçicilərə çatdıracağıq. Onların müraciət və təkliflərini buradan qəbul edib, müvafiq tədbirlər görəcəyik. Görüşlərimiz barədə də məlumatları burada qeyd edəcəyik. Ona görə də bu qrupa daxil olmaq istəyən dostluğumda olan və ya olmayan bütün Bakıxanov qəsəbəsində yaşayan insanlar dostluq üçün müraciət etsinlər ki, onları qəbul edim və əməkdaşlığımız mümkün olsun. Səhifəni şəxsən özüm idarə edirəm”.