Əhaliyə ÇAĞIRIŞ: “Koronavirusla bağlı tövsiyələrə əməl edin!”

Azərbaycanda koronavirusla bağlı ciddi izolyasiya tədbirləri həyata keçirilir. Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır.  Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.



İzolyasiya tədbirləri haqqında “Sherg.az”a danışan Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının sözlərinə görə, həyata keçirilən tədbirlər vətəndaşların sağlamlığının qorunmasına yönəlib: 

“Bütün qərarlar milli təhlükəsizliyə hesablanıb. Bu, insan faktorunun ən prioritet məsələ olduğunu göstərir. Sevindirici haldır ki, Azərbaycanda bu virusa yoluxanların sayı o qədər də çox deyil. Ancaq insanlar da özlərini və yaxınlarını düşünməli, tövsiyələrə əməl etməlidirlər. Vətəndaşlıq mövqeyi olmalıdır ki, koronavirusdan canımızı qurtara bilək”.