“Onlayn alış-veriş ənənəsinə yiyələnməliyik” – Açıqlama

Natiq Cəfərli:“Ərzaqların evlərə çatdırılması təcrübəsi dünyada geniş yayılıb. Çox yaxşı təşəbbüsdür”

Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq.
Bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb.
Həmçinin marketlərdə məhsul alıb kassaya yaxınlaşan müştərilər növbədə bir-biriləri ilə 2 metr ara məsafəsi saxlamalıdırlar. Bundan başqa, operativ qərargah tərəfindən alış-veriş mərkəzlərinin girişlərində hərarət ölçmə cihaz və qurğuları vasitəsilə daxil olan hər kəsin yoxlanması, giriş-çıxışlara COVİD-19 üzrə məsləhətləri ehtiva edən panoların vurulması, gigiyena qaydaları ilə bağlı mütəmadi şəkildə səsli anonsların verilməsi, xəstə əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da tələb kimi qoyulub.  Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görüləcək.

Bəs görəsən azərbaycanlı alıcıları buna hazırdırlarmı? 

Sualmızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, infrastrukturdakı çatışmazlıqlar həll olunsa, bu, müsbət nəticə verəcək:

 “Sözügedən təcrübə dünyada var, geniş yayılıb. Çox yaxşı təşəbbüsdür. İnfrastukturda problemlər ola bilər. Çünki “online” alış-verişə hələ öyrəşməmişik. Bunun üçün maarifləndirmə işləri həyata keçirilməlidir”. 

 Ekspert ərzaqların mənzillərə ödənişsiz çatdırılmalı olduğunu vurğulayıb: 

“Bunun üçün əlavə ödəniş nəzərdə tutulmamalıdır. Çünki ərzaqların mənzillərə çatdırılması marketlərin özlərini də izafi xərclərdən azad edir. Çinlilərdə “böhran” sözü həm də “fürsət” kimi oxunur. Biz də böhranı fürsətə çevirməliyik ki, onlayn alış-veriş ənənəsinə yiyələnək”.