Ermənilərin toponimlərimizi dəyişdirməsinə sərt təpki:“Son qoyulmalıdır”

Vəhdət Partiyası:“Paşinyan əmin olsun ki, onların qıcıqverici davranışlarına bir gün son qoyulacaq və Azərbaycanın hərbi gücünü görəcəklər”




“Azərbaycan torpaqlarının işğalı uzandıqca separatçı rejim daha da həyasızlaşır”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Partiya təmsilçisi vurğulayıb ki, ermənilərin işğal etdikləri ərazilərimizdəki qədim toponimləri dəyişdirməsinə qarşı reaksiyamız çox ciddi olmalıdır: 

“Beynəlxalq qurumlar qarşısında məsələni israrla qaldırmalıyıq. Bir cəhdlə işlər yoluna qoyula bilməz, ruhdan düşməyərək inadla fəaliyyətimizi davam etdirməliyik. Həm dövlət qurumları, həm də vətəndaş cəmiyyətləri bu məsələdə çox aktiv olmalıdır. Ermənistan baş nazirinin işğal altında olan ərazilərimizə səfərləri intensivləşir. Sanki, düşmən bizi provakasiyaya çəkərək hərbi gücümüzü tətbiq etməyə vadar edir. Paşinyan əmin olsun ki, onların qıcıqverici davranışlarına bir gün son qoyulacaq və Azərbaycanın hərbi gücünü görəcəklər. Dağlıq Qarabağdakı coğrafi adların və hidronimlərin (su, göl, bulaq və çay adlarının - red) erməniləşdirilməsi cəhdi də bizi təhrik etməyə hesablanıb. Lakin öncə qeyd edim ki, beynəlxalq hüquq normalarına görə, bu addəyişmə kampaniyasının heç bir hüquqi əsası yoxdur.


“Beynəlxalq hüquq normalarına görə, bu addəyişmə kampaniyasının heç bir hüquqi əsası yoxdur”

Hətta Dağlıq Qarabağın adının dəyişdirilərək “Artsax” adlandırılması da beynəlxalq sənədlərdə hüquqi cəhətdən tanınmayıb. Hazırda danışıqlar ərəfəsində tərtib edilən bütün sənəd və protokollarda “Artsax” adı işlədilmir. Zamanı gələndə ola bilsin ki, biz bu adı yenidən qaytaracağıq. Çünki, bu ad əslində Albaniya dövlətçiliyinin yadigarıdır”. 

Ekspertə görə, bu məsələdə bizim də səhvlərimiz olub. Ən böyük səhvimiz Albaniya dövlətçilik tarixinə biganəliyimizdir: 

“Ərəb orduları Azərbaycana daxil olduqdan sonra Albaniya dövlətçilik izlərin tarixdən silmək üçün böyük işlər gördülər. Albaniya mənşəli tarixi adlarımızın və tarixi abidələrimizin erməniləşdirilməsi prosesindən sonra tarixi gerçəkliyi sübut etmək üçün böyük əziyyət çəkməli olduq. Eyni vəziyyət Şirvanşahlar dövlətçiliyində də təkrarlandı. Dünyanın hər tərəfindən Bakıya gələn turistlərə milli dövlətçilik simvolu olaraq göstərdiyimiz tək nümunə Şirvanşahlar sarayıdır. Milli tariximizə hörmətlə yanaşmadıqca mənfur düşmənlər coğrafi adlarımızı dəyişməklə işğallarına hüquqi don geyindirməyə çalışacaqlar”. 

Qeyd edək ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib. Onun sözlərinə görə, erməniləşən coğrafi adlar Ermənistan tərəfindən hazırlanan “Dağlıq Qarabağ” atlasında qeyd edilib. Bayramov əlavə edib ki, ermənilər bununla yanaşı, tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində olan 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər.