Onlar təhlükənin içindədirlər - Həkimlərə diqqət göstərməliyik


Bu yalnız əli spirtləməklə, maska taxmaqla, yaxud gündə yüz dəfə sabunlanmaqla çözülən məsələ deyil. Bu, ilk növbədə cəmiyyətin psixoloji yetkinliyi və intizamı ilə ortadan qaldırıla bilər




“Bu gün hamımızın ən çox sayğı göstərəcəyimiz peşə sahibi həkimlər, tibb bacıları, tibbi xidmət göstərən personallar və təcili yardım maşınlarının sürücüləri olmalıdır”. Bunu millət vəkili Fazil Mustafa Feysbuk profilində yazıb. Deputat bildirib ki, tibb işçilərinin maaşları elə də yüksək deyil və ən çox risk altında olan insanlardır:

“Bizlər otağımızda, evimizdə təcrid olunmaqla öz sağlamlığımızı qorumaq üçün daha çox imkana sahibik. Onlar isə təhlükənin içindədirlər. Geyimindən tutmuş davranışlarına qədər hər hansı ehtiyatsızlıq həyatları, sağlamlıqları üçün ciddi fəsadlar yarada bilər. Bir az da bizim kimi gigiyenik və sağlamlıq intizamına əməl etməyən cəmiyyətdə bu peşə sahiblərinin əziyyəti ikiqat artmış olur. Həkimlərin, tibb mütəxəssislərinin tövsiyələrinə, çağırışlarına hələ də ciddi yanaşan insanların sayı çox deyil. Adamların bir qismi nə görüşmək rituallarını dəyişir, nə kütləvi toplanış adətlərini məhdudlaşdırmağı düşünürlər. Koronavirus təhlükəli bir pandemiyadır, bu yalnız əli spirtləməklə, maska taxmaqla, yaxud gündə yüz dəfə sabunlanmaqla çözülən məsələ deyil. Bu, ilk növbədə cəmiyyətin psixoloji yetkinliyi və intizamı ilə ortadan qaldırıla bilər. Çinin nümunəsinə, eləcə də Yaponiyaya baxın”. 

F.Mustafanın sözlərinə görə, qonşu İran bizim kimi eyni mentallığa sahib olduğundan məişətlərinə bu xəstəliyi daha çox buraxdı: “İtalyanlar da təqribən Avropa intizamında axsadıqlarına görə daha çox hədəfə çevrildilər.

Bu səbəbdən cəmiyyətin müəyyən məhdudiyyətlər içində yaşamağa məcbur olduğu durumda həkimlərə və tibb bacı-qardaşlarına, tibbi xidmət personalına xüsusi diqqət göstərməliyik. Onların təlimatlarına daha həssas yanaşmalıyıq, üzməyə və yormağa çalışmamalıyıq. Bu minvalla tibb sahəsində çalışan aşağıdan yuxarıyadək bütün vicdanlı, fədakar insanları salamlayıram və xüsusilə bu çətin günlərdə onların zəhmətinin əvəzedilməz, möhtəşəm olduğunu bir daha vurğulayıram”.