İranla gediş-gəlişləri çoxdur


Ermənistan fövqəladə vəziyyət elan etməyə məcbur idi


 Ermənistan hökuməti ölkənin bütün ərazisində bir ay müddətinə fövqəladə vəziyyət elan edib. Bu barədə Ermənistan hökumətinin növbədənkənar iclasında Ədliyyə naziri Rustam Badasyan məlumat verib. Nazir bildirib ki, martın 16-sından aprelin 16-dək respublikanın bütün ərazisində fövqəladə vəziyyət elan olunub. Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi dünyada və Ermənistanda koronavirusun yayılması, həmçinin, Eçmiədzin şəhərindəki epidemioloji vəziyyətin insanların təhlükəsizliyinə və sağlamlığına təhdid olduğu nəzərə alınmaqla tətbiq edilir.



Düşmən ölkədəki vəziyyəti “Şərq”ə dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Ermənistan bu addımı atmağa məcbur və məhkumdur:

“Çünki Ermənistanda koronavirusa yoluxanların sayı gün-gündən sürətlə artır. Artıq bu virusdan ölənlər də var. Ermənistan koronavirusun tüğyan etdiyi İranla sıx əlaqədə olduğu üçün bu virusun ermənilər arasında daha geniş yayılması ehtimalı yüksəkdir. Belə demək mümkünsə, Ermənistan potensial risk zonasına daxildir. Biri-birlərinə az qala bütün məsələlərdə dəstək verən Ermənistan və İran koronavirusun fəsadlarına da birlikdə qatlaşmaq zorundadır. İndi baxaq görək Ermənistan İran qarşısında dostluq və qardaşlıq imtahanından necə çıxacaq”.