Hava təmizləndi, ancaq gecdir


İnsan planetimizi və bütün canlı aləmi məhv etmək üçün mümkün olan hər şeyi edib və buna demək olar ki, nail olmaq üzrədir

Bütün planetdəki canlı aləm böyük təhlükə qarşısındadır



Koronavirus pandemiyası dünyaya sükut gətirdi. Dünənədək səsli-küylü, qonaqlı-qaralı, iynə atsan adam əlindən yerə düşməyəcək şəhərlərdə hazırda sakitlik hökm sürür. Bizim Bakıda da həmçinin. Ən çox da məktəblərin, ali təhsil müəssisələrinin önündə basabas daha yoxdur. Avtomobillər də küçələrdə bir xeyli azalıb. Restoranlar, şadlıq evləri havaya kabab tüstüsü ya ötürmür, ya da bir qədər az ötürür. Şəhərimizin küçələri də dezinfeksiya olundu. Avtobuslarda, metroda da deyilənə görə virus əleyhinə lazımi tədbirlər görülür.

Deməli, şəhərimiz indiyədək olmayan şəkildə təmizdir. Eyni vəziyyətin dünyanın əksər ölkələrində yaşandığı nəzərə alınaraq koronavirusun ekologiyaya xeyri dəydiyini (heç bilmirəm, xeyir sözünü dırnaq işarəsinə almalıyıq, ya yox?) iddia edənlər də var. Məsələn, koronavirusun “Vətəni” Çində sənaye müəssisələri, iri fabriklərdə iş dayanıb. Avropa ölkələri təyyarə reyslərini təxirə salıb. Türkiyə, Azərbaycan da həmçinin. İnsanların bir ölkədən digərinə keçidi də azalıb. Bir sözlə, serkulyasiya prosesi əhəmiyyətli dərəcədə yavaşıyıb. Bunun həqiqətən də ümumilikdə ekologiyamıza müsbət təsiri ola bilərmi?        
Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı “Şərq”ə açıqlamasında “əlbəttə, sənayenin fəaliyyətinin azalması ekologiyaya xeyir verir” dedi. Və əlavə etdi:

- Lakin artıq gecdir. Dünyanın ən böyük ekoloq alimlərinin dediklərinə görə, planetdə ekoloji böhran və təbiətin reaksiyası nəticəsində baş verən proseslər qarşısıalınmaz, geri dönüşü olmayan mərhələyə keçib. Bundan sonrakı dövr ancaq fasiləsiz dağıdıcı təbii fəlakətlərlə müşahidə olunacaq. Qlobal istiləşmə getdikcə sürətlənir, ümumi iqlim norması 3 faiz artıb və bu, çox böyük rəqəmdir. Antarktidada temperatur tarixdə ilk dəfə 21 dərəcəyə çatıb. Antarktida və Arktika sürətlə əriyir, ozon təbəqəsi dağılmaq üzrədir, torpaq tamamilə zəhərlənib, ərzaq məhsullarının çoxu genetik modofokasiyaya məruz qoyulub, quraqlıq genişlənir, meşələr nəhəng miqyasda məhv edilir, yerin altı vəhşicəsinə talanıb, planetin kimyəvi balansı pozulub,  su mənbələri, hətta okean  və dənizlər həddən artıq çirklənib, bütün dəniz canlılarının mədəsində plastik və sair kimyəvi tullantılar var, atmosferdən də danışmağa belə dəyməz, ionosfer belə darmadağın edilib. Planetin maqnit qütbləri yerini dəyişməyə başlayıb.

Yəni, insan planetimizi və bütün canlı aləmi məhv etmək üçün mümkün olan hər şeyi edib və buna demək olar ki, nail olmaq üzrədir. Bu şəraitdə beş-on zavodun müvəqqəti dayanması, beş-altı təyyarənin az uçması bu proseslərin qarşısını almaq və əvvəlki vəziyyətə qaytarmaq üçün yetərli deyil. Hətta, bütün planetdə sənaye və nəqliyyat dayandırılsa belə, bu, mümkün olmayacaq. Əlbəttə, mən başa düşürəm ki, bu çox pessimist yanaşmadır, amma optimizm üçün heç bir əsas yoxdur, reallıq belədir.

Ultrakomfort həyat tərzi, istehlak vəhşiliyi, elm və texnologiyanın nəzarətsiz bazara çevrilməsinin nəticələri belə də olmalı idi. Lakin hazırda dünyada meydan sulayan virus təbiətin qisası deyil, bu, süni modifikasiyadır və özlərini Vahid Dünya Dövləti adlandıran qlobalist transhumanistlərin törətdiyi növbəti faciədir. Təbiətin qisası özünü təbii fəlakətlərlə göstərir və indiyədək artan tempdə gedən fəlakətlər hələ başlanğıcdır. Əsl konsert qabaqdadır. Bütün planetdəki canlı aləm böyük təhlükə qarşısındadır. Bu labüd məhvin qarşısını almaq üçün bəşəriyyətin ixtiyarında çox az müddət və imkanlar qalıb. Hələ bütün imkanlarla qarşısını almağa çalışsaq belə şans çox azdır. 21-ci əsr bəşəriyyətin sonuncu əsridir. Ümid edirəm ki, növbəti sivilizasiya daha ağıllı olacaq.