Media maarifləndirmə işinə dəstək verməlidir

Mövcud qaydalar həm də cəmiyyətimizin informasiya təhlükəsizliyi məsələsidir

Ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi effektiv mübarizə prosesi çərçivəsində mühüm əhəmiyyət kəsb edir



Azərbaycanda koronavirusla bağlı ciddi izolyasiya tədbirləri həyata keçirilir. Fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır.  Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verib.

İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.

Azərbaycan mediası  da öz növbəsində koronavirus, onun dünyadakı təsirləri, ölkəmizdəki vəziyyət barədə məlumatlara daha çox üstünlük verməkdədir və bu, təbiidir. Mətbuat Şurasının müşahidələri göstərir ki, aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrimizin mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab verir. Bununla belə media məkanımızda virusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinməkdədir.

Təəssüflər ki, sosial şəbəkələrdə və peşəkar olmayan medialarda   “COVİD-19” adlanan virus və ya “koronavirus” epidemiyası ilə bağlı qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimaiyyətdə narahatlıq və təşviş yaratmağa xidmət edən yalan məlumatlar dərc edilir. Süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməklə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmasıdır. Bununla bağlı dəfələrlə Baş prokurorluq və Mətbuat Şurası xəbərdarlıq edib. 

"Şayiə qəlp pulu xatırladır, onu saxtakarlar hazırlayır, yayılmasında doğru insanlar da iştirak edir".

Bu sözləri "Sherg.az"a açıqlamasında "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib. Baş redaktor son günlər koronavirusla bağlı yayılan əsassız xəbərlərə belə reaksiya verib: 
"Sosial və ictimai  məsuliyyəti olan insanlar şayiənin doğuracağı  fəsadları nəzərə almalı, dünyanı təhdid edən "taclı bəla"nın yaratdığı gərginliyin aradan qalxmasına çalışmalı, öz missiyalarını doğru-dürüst yerinə yetirməlidirlər. Sosial şəbəkə istifadəçiləri, vətəndaş jurnalistləri qorxunun cəmiyyət üçün ağır fəsadlar törədəcəyinin fərqində olmalı, diqqəti daha çox özünə cəlb etməyi bir kənara qoymalıdırlar. Azərbaycan hökumətinin gördüyü tədbirlər xalqın bu çətinlikdən az itkilərlə çıxmasına, sağlamlığının qorunmasına hesablanıb və ardıcıl şəkildə həyata keçirilir. Xalq bu çətinlikdən birgə, bir-birinə dəstək olmaqla çıxacaq. Dövlət vətəndaşının təhlükəsizliyi, sağlamlığı üçün gərəkən bütün addımları atır, bunun da müsbət nəticələr doğuracağı şübhəsizdir".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru  Elçin Mirzəbəyli isə hesab edir ki, hər bir xalqın, toplumun, fərdin intellektual və mədəni səviyyəsi, dünyagörüşü, insani keyfiyyətləri ekstremal vəziyyətlərdə ortaya çıxır:

"Koronavirus ölkəmizə ayaq açdığı gündən tanıdığım bəzi insanları, onların davranışlarını, kütləvi informasiya vasitələrini və onların “mənəm-mənəm” deməkdən dodağı çat verən bəzi təmsilçilərini, Avstraliyadakı kenquruların, küçə itlərinin təəssübünü mənsub olduğu xalqdan, yaşadığı torpaqdan dəfələrlə çox çəkən, hər gün sağa-sola payladığı sevgi etirafları daşa, çınqıla, yaxud 8 Martda keçirilən qurşaqdanaşağı aksiyada qaldırılmış məlum şüardakı orqan adlarına toxunub geri qayıdan süddən və əxlaqdan yanıqların sosial şəbəkələri başına götürən ah-vaylarını müşahidə edirəm. Və təəssüflənirəm.
Doğrusu, sosial şəbəkələrdə, hər gün yağışdan sonra üzə çıxan göbələklər kimi sayı artmaqda olan “xəbər saytları”nda yaradılan ajiotajın, "WhatsApp" və digər aplikasiyalar vasitəsilə yayılan saxta məlumatların haradan, hansı təfəkkürdən qaynaqlandığını anlamağa çətinlik çəkirəm. Axı bu məlumatları yayanların, paylaşanların heç də hamısı “sapı” özgə əllərində olan “balta”lar deyil. Aralarında tanıdıqlarım da var və koronavirus təhlükəsi yarananadək onları ən azı şüurlu insan kimi qəbul edirdim. Görünür yanılmışam.
Koronavirus fərdi təhlükə deyil, toplumsal təhlükədir və toplumsal müdafiə tələb edir.  Dövlət öz vətəndaşlarını qorumaq üçün üzərinə düşən bütün vəzifələri layiqincə həyata keçirir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Hazırda Azərbaycan hökuməti ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.
İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması isə Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.
Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.
Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur.
Kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər.
Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və müvafiq hüquqi məsuliyyət doğuracaq. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.
Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu da hesab edir ki, Azərbaycanda koronavirusun yayılmasına qarşı görülən tədbirlər ümummilli təqdirlə qarşılanır və təhlükəsizliyimizə xidmət edir:

"Xalqımız bu məsələdə də həmrəylik nümayiş etdirir, öz milli təhlükəsizliyinə diqqətlə yanaşır və milli dövlətinə güvənir: "Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində çevik və effektiv tədbirlərin həyata keçirilməsini təqdir edir.  Koronavirusun ən az yayıldığı ölkələrdən olan Azərbaycan da ÜST ilə fəal əməkdaşlığa malikdir. COVİD-19-un ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün çox önəmli preventiv - önləyici tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında xüsusi Operativ Qərargah yaradılıb, ölkə Prezidenti tərəfindən qabaqlayıcı tibbi sanitar, antiviral tədbirlərin həyata keçirilməsi üçün 10 milyon manat pul ayrılıb.  Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb. KİV, sosial şəbəkə istifadəçiləri, bütövlükdə hər bir şəxs sosial məsuliyyət prinsipini əsas götürməli, müəyyənləşdirilmiş qaydaların tətbiqinə öz dəstəyini göstərməlidir. Çox mühüm məqamlardan biri sosial məsuliyyət məsələsidir. Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət, fərdi qaydada hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Bu, milli təhlükəsizlik məsələsidir və hər şeydən əvvəl, milli həmrəylik, ictimai məsuliyyət tələb edir. İlk növbədə hər bir fərd təxirəsalınmaz zəruri tədbirlər çərçivəsində müəyyən olunmuş konkret qaydaların - atılan müvəqqəti və məcburi xarakterli addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməli, dözümlü və anlayışlı yanaşma nümayiş etdirməlidir. Ən əsası isə kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eləcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verilməməlidir. Çünki mövcud qaydalar həm də cəmiyyətimiz və dövlət üçün informasiya təhlükəsizliyi məsələsidir, eyni zamanda, ictimai və hüquqi məzmuna malikdir. Bütövlükdə, ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi - bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələrinin tələb olunması effektiv mübarizə prosesi çərçivəsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan cəmiyyəti koronavirus təhdidinə qarşı mübarizə çərçivəsində müəyyən məhdudiyyətlər və qadağaların tətbiq olunmasını ümummilli təhlükəsizlik nöqteyi-nəzərindən qiymətləndirməyi bacarır.  Azərbaycan dövlətinin qlobal pandemiyaya çevrilmiş koronavirusun yayılmasının qarşısının alınması istiqamətində ciddi iradə - qətiyyət nümayiş etdirməsi, təxirəsalınmaz tədbirləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi ümumxalq təqdiri ilə qarşılanır".