“Özlərini “ağa” hesab edən icra başçılarını dəyişmək lazımdır” – Baş yazar

Dünən Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. Ölkə başçısı görüş zamanı bir neçə mühüm məqama toxunub. Həmin məsələlərdən biri də  məmur özbaşınalığı ilə bağlı olub. Prezident qeyd edib:   

“Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi.

Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaq, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etmişəm və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr vermişəm.

Onların arasında ən vacibi o idi ki, get, təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük?

Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”.
 
Vəziyyəti “Sherg.az”a şərh edən “Yeni Müsavat” media qrupunun təsisçisi Rauf Arifoğlu belə vəzifə sahiblərinə qarşı mübarizənin dövlətin prioritet məsələsi olduğunu vurğulayıb:

“Dövlət başçısı tərəfindən hakimiyyətin müxtəlif qollarında islahatlar, gəncləşdirmə siyasəti həyata keçirilir. Təəssüf ki, yerli icra strukturlarında hələ də özlərini ağa hesab edənlər var. Belə kadrları kütləvi şəkildə dəyişmək lazımdır. Onlar xalqdan tədric edilməlidir. Prezident “ASAN xidmət” modelinə əsaslanaraq gəncləşdirmə siyasətini davam etdirir. Düzdür, həm daxildən, həm də xaricdən ona müqavimət göstərilir. Bununla belə, ölkə başçısı öz kursunu davam etdirir. Düşünürəm ki, ilin sonuna kimi vəzifəsindən sui-istifadə edən bütün icra başçıları dəyişilməlidir”.