Dövlət lazımi tədbir görür: “Əhali də təmkinli olub, birlik nümayiş etdirməlidir” 

Elçin Bayramlı:“Bizdə vəziyyət təhlükəli deyil, amma bu qabaqlayıcı tədbirləri görmək lazımdır” 



Koronavirusla bağlı narahatlıqlar bütün dünyada hökm sürməkdədir. Virusla bağlı ayrı-ayrı ölkələrdə fövqəladə tədbirlər həyata keçirilir. Hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Lakin səmərəli  qabaqlayıcı tədbirlər görən ölkələrdə vəziyət nisbətən daha qənaətbəxşdir.

Ölkəmiz də öz növbəsində bütün qabaqlayıcı və operativ tədbirlər həyata keçirir. Bu baxımdan Azərbaycan hətta bir çox ölkələri qabaqlayır.
Mövcud vəziyyətlə bağlı  “Sherg.az”a danışan Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, dövlətimiz koronavirusla bağlı  təmkinlə lazım olan bütün tədbirləri görür və görəcək. 
Onun sözlərinə görə, əhali də təmkinli olmalı, ümummilli birlik nümayiş etdirməlidir:




“Bu halda qlobal terrordan qalib çıxacağıq. Azərbaycan hökuməti vaxtında preventiv tədbirlər həyata keçirdi. Dünyada ən yaxşı vəziyyətdə olan ölkələrdən biri bizik. Bu gün də paytaxta, bölgələrdən giriş məhdudlaşdırıldı. Bunlar məcburi addımlardır və bəzilərinin xoşuna gəlməsə də,vacibdir. Bütün addımlar yayılmanın bloklaşdırılmasına hesablanıb.

Vaksin yoxdursa, əsas addım bu olmalıdır. Əlavə tədbirlərə də ehtiyac var. Təklif edərdim ki, 1 aylığa həyati əhəmiyyətli sahələr istisna olmaqla iş dayandırılsın. Ən əsas bütün əhali tibbi müayinədən keçirilsin. Dünyada baş verənlər göstərdi ki, yoluxma təkcə ünsiyyətlə olmayıb. Bəzi ölkələrdə hətta ucqar yerlərdə yaşayan heç kimlə təmasda olmayan adamlarda da yoluxma qeydə alınıb. Üstəlik bir-birindən çox uzaq bir neçə yerdə eyni vaxtda başlayıb.

Demək bu virusu təşkil edənlər hansısa başqa metodlardan istifadə edirlər. Əhali diqqətli olmalıdır. Özündə uyğun əlamətlərdən birini və bir neçəsini hiss edənlər müayinəyə getməyə çəkinir ki, tutub karantinə qoyacaqlar. Bu, çox təhlükəli haldır. Bəzi ölkələrdə bir-iki nəfər yüzlərlə adamı yoluxdurub. Ona görə də hamı məcburi tibbi müayinədən keçirilməlidir. İaşə müəssisələrinin ən azı ayın sonunadək fəaliyyəti dayandırılmalıdır.

Apteklərə nəzarət artırılmalı 95 faizlik spirt və respirator satışı ilə bağlı maxinasiyanın qarşısı alınmalıdır. Ərzaqla bağlı süni ajiotaj yaradan marketinqçilər dərhal həbs edilməlidir. Tam fövqəladə vəziyyət elan olunmalıdır. İçməli su anbarlarına və ərzaq istehsalı müəssisələrinə ciddi nəzarət edilməlidir. Ölkə üzərindən tranzit keçən təyyarələrə xüsusi nəzarət edilməli, mümkün olsa dayandırılmalıdır. Bizdə vəziyyət təhlükəli deyil, amma bu qabaqlayıcı tədbirləri görmək lazımdır” .