Birlik sədrindən ŞOK AÇIQLAMA: “Oğlunun 40 yaşı olan qadını əri hələ də döyür” – Zorakılıq !

Mehriban Abdullayeva: "İllərdir ki, bu şiddət davam edir. Deməli, bu insan normal həyat sürməyib, ömrü boyu döyülərək təcavüzə məruz qalıb”

"Qadın dəfələrlə döyülüb-söyülürsə, mütləq polisə müraciət etməli, yaxınlarını xəbərdar etməlidir"




Bir neçə gün əvvəl sosial mediada 4 uşaq anası 29 yaşlı Günay Şəmilovanın intihar etdiyinə dair xəbərlər yer aldı. Amma G.Şəmilovanın valideynləri qızlarının intihar etmədiyini düşünürlər. Mərhumun atası Sahib Quliyev bildirib ki, qızına əri Etibar Şəmilov, qayınatası Mətləb Şəmilov və qayınanası Sədaqət Şəmilova dəfələrlə işgəncə verərək döyüblər:

“Mənim qızım intihar etməyib. Onu səhər tezdən əri, qayınatası və qayınanası dəmir boru və ət maşını ilə döyüblər, saçından tutub yerdə sürüyüblər. Bədənindəki izlər də sürüyəndə yaranıb. Günayı səhər saatlarında döyə-döyə öldürüblər, axşamüstü isə özləri asıb, sonra bizə deyiblər. Mənə zəng edən kimi onlara getdim, amma qızımın bədəni buz kimi idi, çox soyuq idi. Təzəlikcə ölən adamın bədəni elə soyuq olmur, onu çoxdan öldürmüşdülər. Heç bir ana 7 aylıq uşağını yerə qoyub, özünü asmaz”. 

Qadına qarşı daha bir şiddət isə Abşeron rayonunda qeydə alınıb. 35 yaşlı Vüsal Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 29 yaşlı Günel Məmmmədovanı bıçaqlayıb.



Baş verənləri “Sherg.az”a şərh edən “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva hər zaman qadınlara qarşı zorakılığı pislədiyini deyib. Birlik sədrinin sözlərinə görə, illərdir, bu işlə məşğul olunsa da, neqativ halların qarşısı alınmır:

“Hər zaman deyirik ki, qadınlar öz hüquqlarını bilməlidir. Qadınlar bir dəfə zorakılıq görəndə dərk etməlidir ki, bu zorakılıq davam edəcək. Zorakılıq özünü hər zaman göstərir. Düzdür, kişilərin günahkar olduğunu deyirik. Amma bəzən kişilərin günahkar olmasına səbəb qadınlardır. Çünki qadınların bir çoxu istəyir ki, ancaq mübahisə olsun. Qadın dəfələrlə döyülüb-söyülürsə, mütləq polisə müraciət etməli, yaxınlarını xəbərdar etməlidir. Adama sual verərlər ki, niyə görə döyülürsən, günahın nədir? Məsələni dəqiq aydınlaşdırmaq lazımdır. Soruşsaq ki, səni nə üçün döyüblər? Deyəcəklər ki, kişi ya narkoman, ya da tüfeyli həyat tərzi sürən insandır. Qadının günahının olub-olmaması araşdırılmalıdır”.
 
M.Abdullayeva qadınların maariflənməsinin vacib olduğunu da diqqətə çatdırıb:

“Bütün xanımlar hüquqlarını bilməlidir. Çünki qadın anadır. Evdə uşaq varsa və mütəmadi olaraq ananın döyülməyini görürsə, o böyüyəndə necə olacaq? Uşaq hər zaman aqressiya və qorxu içində böyüyürsə, onda psixoloji pozuntular baş verir. Ona görə də hər zaman xanımlarımıza ayıq olmalarını tövsiyə edirik. Qadınlar özlərini döyülməyə qoymamalıdırlar. Bir insanın günahı yoxdursa, niyə döyülməlidir ki? Polisə müraciət etməli, ictimai təşkilatları məsələyə daxil etməlidir. Kiminsə ürəyi istəyib qadını döyürsə, belə insan cinayət məsuliyyətinə cəlb olunmalıdır. Valideynlərə, yaxın qohum və qonşulara, polisə məlumat vermək lazımdır. Bir ailə tanıyırdım, qadının oğlunun 40 yaşı var idi. Amma hələ də evdə döyülürdü. 40 yaşında oğlu olan ana döyülərmi? İllərdir ki, bu şiddət davam edir. Deməli, bu insan normal həyat sürməyib, ömrü boyu döyülərək təcavüzə məruz qalıb”.

Birlik sədrinin sözlərinə görə, döyülən qadınlar səslərini çıxarıb özlərini müdafiə etsələr də, bu zaman ailədə başqa problemlər yaranır:

“Biz açıqlanan hadisələrdən xəbər tuturuq. Amma bilmədiyimiz o qədər ailələr var ki. Ona görə də hər zaman qadınlarla görüşlər keçirib onlara hüquqi yardım edəndə lazımi məlumatlar veririk. Qadınlar təhsilli olmalıdır. Gözüyumulu, kimə gəldi ərə getmək olmaz. Ailə qurduqdan sonra atdıqları addım, yaşadıqları həyat tərzi, keçirdikləri günlərin hamısı onların düzgün seçimi ilə əlaqəlidir. Hər zaman ailə mövzusunda böyükləri misal çəkirik. Amma hərdən böyüklər də elə addım atırlar ki, gənclərin həyatını boşa çıxarırlar. Nə qədər insan varsa, o qədər tale olur. Lakin insanın ağlı da olmalıdır. Hər kəs atdığı addıma fikir verməlidir. Neçə dəfə olub ki, ailədə gəlinə bıçaq çəkiblər. Belə halların qarşısı alınmalıdır. Ailələr gizlədib hadisəni ört-basdır etməklə kiminsə həyatını puç edir”.