Həkimdən valideynlərə ÇAĞIRIŞ: “Uşağınıza kor-koranə iynə vurmayın” – ÖLDÜRÜR! 

“Yəqin, ana da təlaş içində olub və qorxub. Antiobiotik vurub və çox güman ki, uşaq anaflaktik şok keçirib”



Bərdədə bədbəxt hadisə yaşanıb. Azyaşlı uşaq qızdırmadan ölüb. Rayonun Hüseynzadə küçəsi, ev 68-də yaşayan 2016-cı il təvəllüdlü Zeynallı Məhəmməd İqbal oğlunun evdə qızdırması qalxıb. Uşağın anası ona infeksiya yolu ilə əzələ iynəsi vurub. İynədən sonra vəziyyəti pisləşən uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Həkim məsləhəti olmadan özbaşına dərman içib, iynə vuran şəxslərə mütəmadi rast gəlirik. Dəfələrlə xəbərdarlıq olunsa da, insanlar bilə-bilə özlərinin və başqlarının həyatını təhlükə altına atırlar.



Hadisəni dəyərləndirən tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı “Sherg.az”a bildirib ki, antibiotiklər uşaqlarla böyüklərə fərqli dozalarda vurulmalıdır:

“Doza düzgün təyin olunmalıdır, antibiotik vurulmazdan öncə isə sınaq qoyulmalıdır. 15-20 dəqiqə gözlənməlidir ki, xəstənin bədənin antibiotiki qəbul edir ya yox. İynə vurulan yerdə qızartı, səpki və bədəndə ümumi problem yoxdursa, 20 dəqiqə sonra iynənin ikinci hissəsi vurulur. Çox güman ki, baş verən hadisədə ana birbaşa olaraq antibiotiki vurub.  Yaxud da doza düzgün təyin olunmayıb və böyüyə vurulan doza uşağa vurulub. Təbii ki, bu da azyaşlının həyatının sonlanması ilə kifayətlənib.

Adətən, dərmana qol hissədə sınaq qoyulur. Bu zaman iynə dəri altında yox, dəri içərisində olmalıdır. Ev şəraitində bu mümkün olmadığı üçün yan əzələyə ən çox 0.2 qram sınaq vurulur və gözlənilir.

Ana tibbi işçisi deyil deyə tələsib. Ümumiyyətlə, son zamanlar koronavirusla bağlı həyəcanlı anlar yaşanır. Yəqin, ana da təlaş içində olub və qorxub. Antiobiotik vurub və çox güman ki, uşaq anaflaktik şok keçirib. Tibb işçiləri olmayan hər kəs təəssüf ki, əlinə şpiris alır, aptekə gedir, antibiotik alıb vurur.

Kor-koranə iynə vurmaq olmaz. Tibbi  savadın olmadığı üçün kor-koranələrin arxasında insan həyatı dayanır. Tövsiyə edirəm ki, hər kəs diqqətli olsun, mütləq həkimlə məsləhətləşsin. Bir iynəni 15-20 dəqiqə sınaq kimi gözləməklə heç nə olmur”.