“Təlaşa “yox” deyib tövsiyələrə əməl edək!” – Baş yazar koronavirusdan danışdı 

Qabil Abbasoğlu:"Bilmək lazımdır ki, məsuliyyət təkcə dövlətin üzərinə düşmür. İnsanlar da eyni məsuliyyəti daşıyır"



Bu gün bütün dünyanın diqqəti sürətlə yayılmaqda olan və yüzlərlə insanın ölümü ilə nəticələnən koronavirusdadır. Dünya alimləri vaksini tapmağa səy göstərir, təbiblər tövsiyələr verir, vətəndaşlar isə virusa yoluxmamağa çalışırlar. Azərbaycan hökuməti də bu məsələyə həssas yanaşır. Ölkəmizdə həyata keçirilən müxtəlif izolyasiya tədbirləri, profilaktik addımlar birbaşa olaraq virusun yayılmasının qarşısını almağa yönəlib.

Koronavirusun Azərbaycanın sosial həyatına təsirini “Sherg.az”a şərh edən “Lent.az” ın  baş redaktoru, tanınmış jurnalist  Qabil Abbasoğlu düşünür ki, insanlar qorxmamalıdırlar:

 “Təlaşa qapılmaq olmaz. Buna ehtiyac yoxdur. Doğdur, virusun vaksini hələ tapılmayıb. Fəqət bu, o demək deyil ki, dünyanın sonudur. Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirirəm. Lakin bilmək lazımdır ki, məsuliyyət təkcə dövlətin üzərinə düşmür. İnsanlar da eyni məsuliyyəti daşıyır. Biz də diqqətli olmalı, tövsiyələrə və tapşırıqlara əməl etməliyik”.