Deputatdan mühüm təklif: “Bir neçə rayonda tibb məktəbləri açılsın”

Razi Nurullayev: “Əlavə olaraq, Tibb Universitetinin regionların birində filialının yaradılması da çox faydalıdır”



“Parlament iclaslarında təkrarçılıq çoxdur. Hər kəs 10 dəqiqə danışsa, iclaslar bir neçə saat uzana bilər”
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. 
Deputat bildirib ki, elə mövzular və məsələlər var ki, hər kəsə fikrini ifadə etmək və sərbəst danışmaq azadlığı verilməlidir: 

“Digər tərəfdən isə millət vəkilinin işi danışmaq, çıxış etmək, təklif verməkdir. Qoy 2-3 saat artıq zamanımız getsin, zatən işimiz budur. Fəhlə var ki, 8 saat işləməlidir, boynundan basıb 14 saat işlədirlər, heç 8 saatın da pulunu düz-əməlli vermirlər. Kəsib atmaq, tələm-tələsik səsverməyə çıxarmaq üçün təkliflər vermək və sonunda da nail olmaq ən yaxşı həll yolu deyil. Təbii ki, zaman-zaman tələm-tələsikliyə, tezləşdirməyə ehtiyac yaranır. Çünki  sərbəst müzakirənin, söz və insan azadlığının çərçivəsiz olması xaosa və anarxiyaya da apara bilir. Amma bu gün o gün deyildi! Birincisi, İmişli rayonunda 400-dən çox tibb personalına ehtiyac var. Elə digər rayonlar da onun kimi. Onun üçün də təklif etdim ki, İmişli rayonu daxil olmaqla bir neçə rayonda tibb məktəbləri açılsın. Əlavə olaraq, Tibb Universitetinin regionların birində filialının yaradılması da çox faydalıdır. Bununla bərabər, ölkədə tibbə aid hər şeyin istehsalı, bu sahədə biznes strukturlarına əlavə dövlət dəstəyinin verilməsi vacibdir”.



Millət vəkili bildirib ki, parlament qəbul etdiyi qərarların icra mexanizminə nəzarəti gücləndirməlidir: 

“Çoxlu qanunlar qəbul edə bilərik. Lakin onlar doğru-dürüst icra olunmursa, yeni qanunların qəbul edilməsinə ehtiyac da yoxdur. Əslində qanunlar var və mövcud olanların keyfiyyətinin yaxşılaşdırlmasına ehtiyac var. Ölkə Prezidenti Parlamentdə çıxışı zamanı kəmiyyət dalınca yox, keyfiyyət dalınca qaçmağın zərurətini vurğuladı. Yaxşı oldu ki, koronovirusla bağlı ayrı qanun qəbul edilmədi. Mövcud inzibati xətalar və cinayət məcəllələrinə düzəlişlər və əlavələr edildi”.

R.Nurullayev vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaxşı işləyir, sağ olsunlar: 

“Televiziyalar millət vəkillərini, ekspertləri, hökumət nümayəndələrini vaxtaşırı dəvət edib vətəndaşları virusdan qorunma, panika yaratmama, yalan məlumatlar yaymamaqla bağlı maarifləndirilər. Hamımız bilirik ki, vətəndaşlarımızın uzun-uzadı verilişləri və monoloqları dinləmək həvəsi yoxdur. Bunun üçün təklif etmək istəyirdim ki, çox qısa sosial çarxlar hazırlansın və gün ərzində televiziya kanallarında yayımlansın. Həmçinin, o video-çarxlar sosial şəbəkələr vasitəsilə də paylaşılsın”.