Əhalinin NƏZƏRİNƏ ! Dövriyyəyə saxta manat buraxılıb – ALDANMAYIN!

Mart ayında Bakıda saxta əskinasların dövriyyədə olması halları çoxalıb. Hüquq-mühafizə orqanlarından verilən  məlumata görə, martın ilk günlərində paytaxtda ən azı dörd belə fakt qeydə alınıb. Adının açıqlanmasını istəməyən hüquq-mühafizə orqanının əməkdaşının dediyinə görə, ələ keçirilən bütün əskinaslar rəngli printerdən istifadə olunmaqla hazırlanıb.

Belə bir saxta pulu tanımaq asandır, yalnız diqqətlə nəzərdən keçirmək kifayətdir. Ekspert bildirib ki, əksər hallarda fırıldaqçılar kiçik mağazalara və yanacaqdoldurma məntəqələrində saxta puldan istifadə edirlər. Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında Mərkəzi Bankın saxta pulla mübarizə sahəsində Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda saxta pul çox deyil və bu göstərici digər ölkələrə nisbətən daha aşağıdır. Manat olduqca yaxşı qorunur və bu amil saxta pulun geniş miqyasda yayılmasına mane olur. 

Altay Sosial- iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri  Elçin Bayramlının sözlərinə görə, saxta manatların dövriyyəyə buraxılması  texnologiyanın inkişafı və əlçatanlığı ilə bağlıdır: 

"İndi çox peşəkar printerlər və xüsusi kağızlar əldə etmək asandır. Ona görə də bu problemlər bütün ölkələrdə mövcuddur. Bizim valyuta ən güclü müdafiə sistemi olanlardandır. Üzərində səhv etmirəmsə 24 xüsusi nişan var ki, onu adi printerlərdə həkk etmək mümkün deyil. Əhali diqqətli olmalıdır. Bir çoxunu adi gözlə də fərqləndirmək mümkündür. Şübhələndikdə banklarda və valyuta dəyişmə məntəqələrində yoxlatmaq olar".