“Jurnalistlər təmkinli olub, işə peşəkar yanaşmalıdırlar” – Arif Əliyev

“Ən vacib məqam soyuqqanlı olmaqdır. Koronavirus bəşəri problemdir. Hər kəs eyni dərəcədə məsuliyyət daşıyır. Jurnalistlərin də üzərinə xüsusi vəzifə düşür”


Bəşəriyyət aylardır ki, növbəti bir bəla ilə-koronavirusla mübarizə aparır. Ayrı-ayrı ölkələrdə bu infeksiyanın qarşısını almaq üçün ciddi addımlar atılır, profilaktik tədbirlər həyata keçirilir. İnsanlara doğru, düzgün məlumat verilməsində, onların bilgilənməsində, maariflənməsində media işçilərinin də xüsusi rolu var.

“Yeni Nəsil” Jurnalistlər İttifaqının sədri Arif Əliyev “Sherg.az”a açıqlamasında  KİV-in bu istiqamətdəki fəaliyyətində professionallığın çatışmadığını deyib:

“Dünya mediası çoxdan belə sınaqla üzləşmirdi. Koronavirus “IV hakimiyyət”in belə fövqəladə vəziyyətlərdə necə davranması gərəkdiyini bir daha ortaya qoydu. Biz müxtəlif debatlarda media sahəsindəki çatışmazlıqlardan danışanda bu cür fors-major situasiyaları nəzərə alırdıq. Düzdür, həm dünyada, həm də ölkədə jurnalistlər məsələyə həssas yanaşırlar. Amma informasiya təminatı istənilən qədər deyil. Bunun iki səbəbi var. Birincisi, jurnalist peşəkarlığının arzuolunan səviyyədə olmamasıdır. İkinci məqam ondan ibarətdir ki, dövlət orqanları informasiya ilə işi qəliz qururlar. Bəzən mövcud informasiyanı gizlətmək istəyirlər. Halbuki informasiyanın yayılmasının qarşısını almaq olmaz. Avropa ölkələrində vəziyyət daha pisdir”.

A.Əliyevin sözlərinə görə, ən vacib məqam soyuqqanlı olmaqdır:

“Koronavirus lokal yox, bəşəri problemdir. Hər kəs eyni dərəcədə məsuliyyət daşıyır. Əlbəttə, jurnalistlərin üzərinə də xüsusi vəzifə düşür. Onlar təmkinli və peşəkar olmalıdırlar”.